I ixtisas qrupu üzrə imtahan verənlərə xoş xəbər!
24 İyul 2012 Çərşənbə Axşamı 10:18
I ixtisas qrupu üzrə imtahan verənlərə xoş xəbər! Müsabiqəyə keçid balı 150-yə salınıb.
2012/2013-ci tədris ili üçün ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə iyulun 20-də keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb. Nəticələr iyulun 23-də saat 18-30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilir.

Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə biləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

I ixtisas qrupu üzrə imtahanda iştirak edən 32034 abituriyentdən 44 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə mtahandan xaric olunmuş və nəticələri ləğv edilib. Test imtahanının nəticəsinə əsasən 11256 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.

İxtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub. I ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:

Bu il I qrup üzrə ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər avqustun 7-dən 16-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməlidirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar