Qədim rəvayət
İnsan cildinə girən iki mələk gecəyarısı bir varlı evdə gecələməli olur. Ailə varlı olsa da, qonaqpərvər deyildi. Ev yiyələri qonaqlara soyuq bir zirzəmidə gecələmək üçün yer verirlər. Yatağına girmək istəyən mələklərdən böyüyü divarda bir dəlik görür və dərhal həmin dəliyi möhkəm bağlayır. O biri mələk təəccüblə soruşur: «Nəyə görə bu dəliyi bağladın?». Dəliyi dolduran mələk bu sözləri deyir: «Hər şey göründüyü kimi deyil!».
Ertəsi gecə mələklər çox kasıb, ancaq qonaqpərvər bir ər-arvadın evində gecələməli olurlar. Ev sahibləri öz yeməklərini qonaqlarla bölüşür və yataqlarını onların ixtiyarına verirlər. Səhər açılanda isə mələklər görürlər ki, ev sahibləri ağlayır. Onların bir inəkləri var idi. Ailə bu inəyin südündən aldıqları gəlirlə dolanırdılar. Səhər ər-arvad inəyi ölmüş vəziyyətdə tapır. Bunu eşidən kimi kiçik mələk böyük mələyə belə deyir: «Axı bu necə ola bilər? Varlı ailənin hər şeyi var idi, sən isə onlara yardım etdin, əziyyətlə divardakı dəliyi doldurdun. Bu ailənin isə çox kasıb, lakin hər şeyini bizimlə bölüşməyə hazır olmasına baxmayaraq, sən onların yeganə inəklərinin ölməsinə imkan verdin. Nəyə görə?». Böyük mələk bu cavabı verir: «Hər şey əslində göründüyü kimi deyil. Səninlə zirzəmidə olarkən anladım ki, divardakı dəlikdə qızıl xəzinəsi var. Ev yiyəsi çox kobud idi, xeyirxahlıq etmək istəmirdi. Mən də dəliyi bağladım ki, acgöz ev yiyələri həmin qızıl xəzinəsini tapa bilməsinlər. Kasıb ailənin evində yatanda isə gecəyarısı ölüm mələyi ev yiyəsinin arvadının canını almağa gəldi. Mən də əvəzində ona inəyi verdim. Buna görə də, bil ki, hər şey göründüyü kimi deyil! Biz heç vaxt hər şeyi bilə bilmərik. İnsan bilməlidir ki, bütün baş verən hadisələr onun xeyrinədir. Bunu isə zaman keçdikcə anlamaq olur…». Bu həyat sınaq həyatıdır. Hər bir işdə Allahın məsləhəti var. Və Allah bizə layiq olduğumuzun ən yaxşısını verir.
Qədim rəvayət
Əlbəyaxa döyüş ustasının yanına bir oğlan gəlir və deyir: «Mənə döyüşməyi öyrədin!». Uzun ömür yaşamış qoca ustad ona mənalı baxışlarını dikib soruşur: «Axı bu sənin nəyinə gərəkdir?». Cavan tələsik cavab verir: «Güclü və yenilməz olmaq istəyirəm!». Qoca ustad: «Ol da! Sənə nə mane olur axı?». Gənc: «Axı necə?». Qoca ustad: «Çox asan! Hamı ilə mehriban davran, insanlara qarşı nəzakətli, diqqətli ol. Mehriban və nəzakətli olduğuna görə ətrafdakı insanlar sənə hörmət edəcək və xeyirxah işlər görmək üçün iradəni möhkəmləndirəcək. Sənin ruhun saf və mülayim olacaq, bu isə öz növbəsində ruhunun güclü olması deməkdir. Diqqətli olsan, insanın davranışlarında ən cüzi dəyişiklikləri duyacaqsan, nəticədə münaqişə və mübahisələrdən yaxa qurtarmağın yollarını tapacaqsan. Bu da öz növbəsində döyüşə qatılmadan döyüşdə qələbə çalmağına imkan yaradacaq. Münaqişələrin qarşısını almağı bacarsan, sən artıq yenilməz olacaqsan!». Oğlan dözməyib soruşur: «Nəyə görə?». Qoca ustad: «Çünki sən döyüşməyə adam tapmayacaqsan». Oğlan qoca ustadı tərk edir və yalnız neçə illər sonra yenidən onun yanına gəlir. Qoca ustad oğlanı görəndə soruşur: «Sənə nə lazımdır?». Oğlan belə cavab verir: «Hörmətli ustad, sizin sağlamlığınızla maraqlanmağa gəldim və bilmək istərdim: sizin hər hansı bir yardıma ehtiyacınız varmı?». Bunu eşidən ustad oğlanı özünə şagird götürür...
Hədislər
Qədim Şərq rəvayəti
Keçmişdə yaşlı bir ata öz tündxasiyyət, tez özündən çıxan oğlu ilə birgə yaşayırdı. Bir gün atası dözməyib oğluna bir torba mismar verir və belə deyir: «Ala bu mismarları və mənim dediyimə əməl et! Hər dəfə öz hirsini boğa bilməyəndə, taxta hasarın üzərinə bir mismar vur». İlk gün hasarın üzərində onlarca mismar peyda olur. Növbəti həftədə oğlan öz hirsini boğmağa çalışır və günbəgün hasara vurulan mismarların sayı azalır. Gənc başa düşür ki, hirsini boğmaq hasara mismar vurmaqdan qat-qat asandır. Gün gəlir, oğlan bir dəfə də olsun hirslənmir və bu haqda atasına xəbər verəndə müdrik valideyni ona belə deyir: «İndi isə hər dəfə hirsini boğanda, hasardan bir mismar çıxart». Zaman keçir, bir gün oğlan atasının yanına gəlib deyir ki, hasarın üzərində bir dənə də olsun mismar qalmayıb. Atası onun əlindən tutub hasarın yanına aparır: «Bu işin öhdəsində gəldin, ancaq görürsənmi hasarın üzərində nə qədər deşik əmələ gəlib? Bu hasar heç vaxt əvvəlki kimi olmayacaq. İnsana pis, kobud söz deyəndə də onun qəlbində hasarın üzərindəki deşiklər kimi yara yerləri əmələ gəlir. Neçə dəfə də istəyirsən üzr istə, ancaq qəlbinə dəydiyin insanın qəlbində yara yeri, çapıq izi yenə də qalacaq…».
İmam Baqir (ə):
Qəzəb hissi şeytanın qığılcımıdır. İnsan qəzəblənən zaman onun qəlbində bu qığılcım alovlanır. Fikir verin, həqiqətən də, insan qəzəblənəndə onun gözləri qızarır, damarları şişir və onun daxilinə şeytan daxil olur (buna görə də insan qəzəbli halda çox pis hərəkətlərə yol verə bilir. Qəzəbi sönəndə isə, yəni şeytan onun içindən çıxan kimi, insan etdiyi hərəkətlərə görə çox peşman olur, hətta bu hərəkətləri özünün etdiyinə təəccüb edir, heç buna inana bilmir). Qəzəbi söndürməyin gözəl yollarından biri də budur: sizi qəzəb bürüdüyü an özünüzü yerə yaxın edin, yəni çalışın oturasınız. Belə olduqda şeytanın qığılcımı insandan tez çıxar...
İmam Baqir (ə):
İmam Baqir (ə) bir kişi ilə söhbət zamanı ona deyir: «Günahlardan tövbə edərək Allah tərəfindən bağışlanan insan bundan sonra gərək yaxşı işlər görsün. And olsun Allaha, bunun insan üçün böyük bir faydası var». Bu sözləri eşidən kişi soruşur: «İnsan tövbə edib bağışlanmasını dilədikdən sonra yenidən günah edib tövbə edə bilərmi?». İmam deyir: «Sən düşünürsən ki, bəndə etdiyi günahdan peşman olub tövbə etsə, Allah onu bağışlayıb tövbəsini qəbul etməz?». Kişi yenə də öz sözündə durur: «Bəs insan yenə də günah edib yenidən bağışlanmasını diləyib tövbə edərsə?». İmam (ə) deyir: «İmanlı insan hər an tövbəyə və bağışlanmasına dönərsə, Allah da onu bağışlamağa dönər, çünki Allah-Təala bağışlayan və rəhm edəndir, tövbəni qəbul edən və günahları əfv edəndir. Nəbada sən insanları Allahın rəhmətindən məyus edəsən!..».
ANSPRESS