Hakimliyə namizədlər imtahan verib
10 İyul 2010 Şənbə 11:25
Hakimliyə namizədlər yazılı imtahan verib.
APA-nın məlumatına görə, Texniki Universitetin idman sarayında keçirilən imtahanı beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının nümayəndələri və media mənsubları izləyib.
İmtahan başlamazdan əvvəl Hakimlərin Seçki Komitəsinin qapalı iclasında kazus xarakterli 8 sual hazırlanıb. Müşahidəçilərin iştirakı ilə lototron vasitəsilə həmin suallardan cinayət və mülki sahələrə dair iki sual seçilib. Seçilmiş suallar imtahanda iştirak edən 80 namizədə paylanıb. Dörd saat davam edən imtahanda namizədlər verilmiş hüquqi kazusları həll etməklə müvafiq məhkəmə qərarlarını hazırlamaq bacarıqlarını nümayiş etdiriblər.
Jurnalistlərin suallarını cavablandıran Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev ölkə başçısının tapşırıqlarına əsasən Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin beynəlxalq standartlar səviyyəsində, tam şəffaf şəraitdə seçildiyini bildirib. Bu gün keçirilən imtahanda hər sual üzrə 60-dan çox bal toplayan namizədin növbəti mərhələyə keçəcəyini söyləyən İ. Nağıyev, nəticələrin 10 gün müddətində açıqlanacağını deyib: “Bu mərhələdən sonra şifahi imtahan mərhələsi gəlir. Sonda isə yekun müsabiqə mərhələsi olacaq”. APA
DOSTLARINLA PAYLAŞ: