Gürcüstandakı “Ana dili” ləğv edilib
03 Mart 2009 Çərşənbə Axşamı 20:20
Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası burada yaşayan soydaşlarımızın hüquqlarının pozulduğunu bildirir və Azərbaycan hökümətindən yardım istəyib

Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkədə ciddi problemlərlə üzləşir. Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının rəhbəri Daşqın Gülməmmədov bu gün keçirdiyi mətbuat konfransında rəsmi Tiflisdən soydaşlarımızın torpaq və təhsil hüququ ilə bağlı problemlərin həllini tələb edib. Onun fikrincə, Gürcüstan hakimiyyəti azərbaycanlılara qarşı milli ayrı-seçkilik siyasəti yürüdür. “Əhalinin 80 faizi torpaqsızdır. Azərbacanlılara məxsus torpaqlar mərkəzi Gürcüstandan və Tiflisdən olan gürcü vətəndaşlara satılır. Bu gün Gürcüstan Təhsil Nazirliyi yenidən Azərbaycan məktəblərinin bağlanması istiqamətində proqramın icrasına başlayıb”.
Onun sözlərinə görə, Gürcüstanın elm və Təhsil Nazirliyinin qərarı əsasında 2009-cu ilin sentyabrdan Azərbaycan məktəblərində “Ana dili” fənni ləğv edilib. Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının rəhbəri qonşu ölkədə on minlərlə azərbaycanlının yaşadığını nəzərə alaraq Azərbaycan dilinə ikinci dövlət dili statusunun verilməsini təklif etdi. “Avropa Şurası, ATƏT, NATO Parlament Assambleyasının Gürcüstana qoyduğu öhdəliklərə uyğun olaraq 620 min azərbacanlının dilinə dövlət statusunun verilməsini tələb edirik”.
Qeyd edək ki, Gürcüstanda yaşayan azərbaycanlıların sayı barədə ziddiyyətli məlumatlar verilir. Belə ki, Sovet dövrünün statistikasına görə 1989-cü ildə bu rəqəm 389 min idisə, Gürcüstanda 2007-ci ilin yekunlarına görə açıqlanan statistikaya görə bu ölkədə 284 min azərbaycanlı yaşayır. Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının ev-ev prinsipi ilə apardığı hesablamalara görə isə qonşu ölkədə 620 min soydaşımız yaşayır. Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkənin ərazi bütövlüyünü dəstəklədiyini deyən Assambleya rəhbəri başçılıq etdiyi təşkilatın bir sıra siyasi qüvvələrlə əməkdaşlığa hazır olduğunu bildirdi. “Bu gün biz nə Nino Burcanadze ilə, nə də Mixail Saakaşvili ilə əməkdaşlıq etmirik. Müxalifətin çoxu isə cib müxalifətidir. Biz onların heç birini dəstəkləmirik. Biz Nino Burcanadze ilə, Leyborist Partiyasının rəhbəri Şalvanatelaşvilli və Okruaşvilli ilə əməkdaşlıq etməyə hazırıq”.
Daşqın Gülməmmədov rəhbərlik etdiyi təşkilat adından Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin həlli üçün Azərbaycan hökumətindən yardım istədi. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar