Gömrük orqanlarına qəbulla əlaqədar müsabiqənin keçirilməsi qaydası təsdiqləndi
13 Noyabr 2010 Şənbə 01:35
Gömrük orqanlarına qəbulla əlaqədar müsabiqə test imtahanı və müsahibədən ibarət olacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Təsdiqlənən sənəddə bildirilir ki, hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, gömrük orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqə keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Gömrük orqanlarında müvafiq vakant ştat vahidləri olduqda, xidmətə qəbul ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin internet informasiya ehtiyatında və digər kütləvi informasiya vasitələrində elan verilir.Müsabiqəyə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin tələblərinə cavab verən vətəndaşlar buraxılırlar.

Müsabiqədə iştirak etmək istəyən namizəd aşağıdakı sənədləri (məlumatları) təqdim etməlidir:
- şəxsi ərizə;
- şəxsiyyəti təsdiq edən sənəd;
- əmək kitabçası;
- müvafiq təhsilə malik olmasını təsdiq edən sənəd;
- sağlamlığının vəziyyəti haqqında tibbi arayış;
- tərcümeyi-hal;
- ata (ana), ər (arvad), oğul (qız), doğma qardaş (doğma bacı), yaxud himayəsində olduğu şəxslərin anadan olduğu, iş (təhsil) və yaşayış yeri haqqında məlumatlar;
- hərbi bilet və ya digər hərbi uçot sənədi.

Namizədlərin təqdim etdiyi sənədlər (məlumatlar) qanunvericiliklə müəyyən olunmuş qaydada yoxlanılır.

Kiçik heyət, orta və baş rəis heyəti üçün nəzərdə tutulan vəzifələrə şəxslər müsabiqə əsasında qəbul edilirlər. Aşağıda göstərilən namizədlər test imtahanından azad edilirlər və onlarla yalnız müsahibə keçirilir:

- kiçik heyət və baş rəis heyəti (gömrük xidməti mayoru və tibb xidməti mayoru xüsusi rütbələri nəzərdə tutan vəzifələr istisna olmaqla) üçün nəzərdə tutulan vəzifələrə qəbul olunmaq üçün müraciət edən namizədlərlə;
- prokurorluqda və digər hüquq mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslərlə;
- digər dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularla;
- hüquq sahəsində elmi dərəcəsi olan şəxslərlə;
- gömrük xidmətində istifadə olunan texnika və ya informasiya texnologiyaları sahəsi üzrə yüksək biliyə və təcrübəyə malik mütəxəssislərlə.

Müsabiqənin keçirilməsi üçün müsabiqə komissiyası (bundan sonra - komissiya) yaradılır. Komissiyanın tərkibi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri tərəfindən təsdiq olunur. Komissiyanın işinə müvafiq sahələr üzrə alim, psixoloq və digər mütəxəssislər cəlb edilə bilərlər.

Namizədlərin müsabiqəyə buraxılması, müsabiqənin şəffaf üsullarla keçirilməsinin təşkilinə dair digər məsələlər müvafiq normativ hüquqi aktlara uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunur və ictimaiyyətə çatdırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar