Gənc alimlərin ideya yarmarkası keçiriləcək
24 Oktyabr 2010 Bazar 03:55
Yarmarkada AMEA institutlarında və ölkəmizin müvafiq təşkilatlarında çalışan gənc alimlər öz bacarıqlarını nümayiş etdirəcəklər.
Noyabrın 18-dən 23-dək Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənc alimlərin I Respublika innovativ ideya yarmarkası keçiriləcək. Yarmarkada AMEA institutlarında və ölkəmizin müvafiq təşkilatlarında çalışan gənc alimlər, tədqiqatçılar elmi məqalə, tezis və təqdimatla iştirak edərək öz bacarıqlarını nümayiş etdirəcəklər.

Tədbirdə “Elm çətiri altında: gənc alim və tədqiqatçıların innovativ inkişafı üçün intellektual potensialın stimullaşdırılması və təkrar istehsalı” mövzusunda konfrans, gənc alim və tədqiqatçıların “Yaşıl çətir: ekologiya və qlobal iqlim dəyişiklikləri və bu proseslərin Azərbaycanda təzahürləri” adlı tədbiri keçiriləcək. Yarmarkada “Azərbaycanda biomüxtəlifliyin qorunması və əkinə yararlı torpaqların erroziyaya məruz qalmasının qarşısının alınması yolları”, “Dünya elminə inteqrasiya: gənc tədqiqatçıların innovativ aktivliyinin artırılması - informasiya mübadiləsi işinin təşkili” mövzularında seminarlar da təşkil olunacaq.

“Elmin iqtisadi gücü: gənc alim və tədqiqatçıların yeni ideya və ixtiralarının iqtisadiyyata tətbiqi yolları” mövzusunda keçiriləcək “dəyirmi masa”da gənc alimlər innovativ ideyaların iqtisadiyyata müsbət təsirindən söhbət açacaqlar.

Tədbirdə, həmçinin ən yaxşı elmi-innovativ ideya və ixtiraların gələcəkdə iqtisadiyyata tətbiqi imkanlarını artırmaq məqsədi ilə gənc alim və tədqiqatçılar arasında “Bilik iqtisadiyyatına doğru!” mövzusunda birinci biznes-plan müsabiqəsinin keçirilməsi də nəzərdə tutulur.

Yüksək intellekt və bacarıq nümayiş etdirərək qalib adını qazanan gənclər mükafatlandırılacaqlar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar