Gələn il qəbul imtahanlarında elektron imza tətbiq oluna bilər
30 Sentyabr 2011 Cümə 16:19
Məleykə Abbaszadə:“Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu işin mümkün ola biləcəyini deyir”.
“Gələcəkdə ali məktəblərə qəbul imtahanlarında müəyyən dəyişikliklər olacaq. Bu dəyişikliklər bu ilin noyabr ayında açıqlanacaq”. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin(TQDK) sədri Məleykə Abbaszadə deyib.
Komitə sədri bu ilki qəbul imtahanlarının təhlilinə oktyabrın 1-dən başlayacağını bildirib: “Bunun üçün müxtəlif konfranslar keçirəcəyik. Bu konfranslarda əldə olunan nəticələrə əsasən biz qəbul imtahanlarında hansı dəyişikliklərin edilib-edilməyəcəyinə dair qərar verəcəyik və noyabrda bu ictimaiyyətə çatdırılacaq”.
M.Abbaszadə onu da bildirib ki, TQDK hazırda qəbul imtahanlarında elektron imzanın tətbiqi ilə bağlı məsələ üzərində çalışır: “Bu istiqamətdə pilot layihələr hazırlayırıq. Ancaq növbəti imtahanda elektron imzanın tətbiq olunub-olunmayacağını indidən birmənalı söyləmək çətindir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu işin mümkün ola biləcəyini deyir. Biz bu məsələni dəqiqləşdirəcəyik. Elektron imza abituriyentlərin sənəd qəbulu komissiyasına getmədən sənədlərinin təsdiqlənməsinə yardımçı olacaq”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: