Elm sahəsinə yönələn vəsait artırılacaq?
25 Aprel 2013 Cümə Axşamı 21:32
Elmə ayrılan vəsaitin azlığından universitet rəhbərləri də gileylənirlər.
Azərbaycan Milli Elmlər Akademiyasının yeni seçilmiş prezidenti elm sahəsində islahatlara başlayacağını açıqlayıb. Akif Əlizadə elmdə islahat aparılmasının vacib olduğunu vurğulayaraq, əsas diqqəti maliyyə məsələlərinə çəkib.

Azərbaycan Milli Elmlər Akademiyasının yeni seçilmiş prezidenti elm sahəsində islahatlara başlayacağını açıqlayıb. Elmdə islahat aparılması vacib olan bir neçə sahə göstərilsə də, əsas diqqət maliyyə məsələsinə çəkilir.

Elmə ayrılan vəsaitin az olması məsələsi bundan əvvəl bir neçə dəfə gündəmə gətirilsə də, Milli Elmlər Akademiyasının yeni prezidenti Akif Əlizadənin açıqlamaları məsələni yenidən aktuallaşdırıb. O, elmə ayrılan vəsaitin həddən artıq az olduğunu, bir çox problemlərin kökündə də məhz bunun dayandığını deyib. Akademikin sözlərinə görə, ölkədəki bugünkü iqtisadi artım tempi ilə elmə ayrılan vəsaitlər arasında uyğunsuzluq var. Məsələn, ümumi daxili məhsulda elm xərclərinin həcmi Almaniyada 2,2%, İsraildə 5%-dirsə, Azərbaycanda bu rəqəm 0,2%-ə bərabərdir.

AMEA-nın prezidenti Akif Əlizadə: “Bu vəsaitlə nəinki yüksək inkişaf etmiş ölkələr səviyyəsinə çıxmaq olar, heç bu günkü səviyyəni qoruyub saxlamaq da mümkün deyil”

Elmə ayrılan vəsaitin azlığından universitet rəhbərləri də gileylənirlər. Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov vəsait azlığının alimlərin sosial vəziyyətinə mənfi təsir etdiyini deyir.

Baki Dövlət Universitetinin rektoru Abel Məhərrəmov isə təklif edir ki, ali təhsil müəssisələrində çalışan alimlərin ayrıca maliyyələşdirilməsi vacibdir. Onun sözlərinə görə, bu gün 1800-dən çox elmlər doktoru var. Bunun cəmi 600-ə qədər AMEA-da çalışır və alim kimi maliyyələşdirilir. Qalan 1200 nəfər ali məktəblərdə işlədiyinə görə, sadəcə müəllim kimi nəzərdə tutulur. Onların elmi tədqiqat işlərinə ayrıca vəsait ayrılmır.

Prezident Yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev də elmə ayrılan vəsaitlərin artırılmasının vacibliyi fikri ilə razıdır. Amma elm özü də maliyyə mənbəyi ola bilər.

Qeyd edək ki, elmin maliyyələşdirilməsi mexanizminin dəyişdirilməsi Milli Məclisdə hazırlanan elm haqqında yeni qanunda da nəzərdə tutulub. Qanunun mayda Milli Məclisin plenar iclasına təqdim olunması gözlənilir. Xatırladaq ki, son illər dövlət büdcəsindən elm sahəsinə ayrılan vəsaitdə artım müşahidə olunur. Belə ki, 2010-cu il dövlət büdcəsində elm xərcləri 101 milyon manat, 2011-ci ildə 108 milyon manat, 2012-ci ildə 122 milyon manat, 2013-cü ildə 130 milyon manat olub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar