“Dünyanın müxtəlif ölkələrində 10 minə yaxın azərbaycanlı təhsil alır”
26 Avqust 2011 Cümə 11:36
Bakı. Kəmalə Quliyeva-APA. “Hazırda 10 minə yaxın azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrində təhsil alır. Bu say sürətlə artır”.
APA-nın məlumatına görə, bu fikirləri Kempinski Hotel Badamdarda keçirilən IX ASAİF beynəlxalq yay forumunda Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.
O bildirib ki, azərbaycanlı gənclərin böyük əksəriyyəti Türkiyə və Rusiyada təhsil alır. Nazir deyib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində xaricdə təhsil idarə olunmurdu: “Hazırda isə azərbaycanlıların xaricdə təhsili dövlət tərəfindən tam idarə olunur. Bu il xaricdə təhsillə bağlı 275 nəfərin sənədləri təsdiqini tapıb. Onların böyük əksəriyyəti ali məktəblərə qəbul imtahanlarında böyük nəticələr əldə edən uşaqlardır”.
Nazir hazırda xaricdə təhsillə bağlı Azərbaycan üçün əsas prioritet ixtisasların riyaziyyat, fizika, biologiya, tibb, informatika, kimya, kənd təsərrüfatı ixtisasları olduğunu deyib.
M. Mərdanov xatırladıb ki, Azərbaycandan ilk dəfə olaraq 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin təşkilatçılığı ilə 100 nəfər xaricə oxumağa göndərilib. Lakin sonradan onların çoxunun taleyi bəlli olmayıb: “Xaricdə təhsillə bağlı ikinci dalğa isə 1960-80-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə başlayıb”.
DOSTLARINLA PAYLAŞ: