Dövlət kollecində rüşvətxorluq faktları aşkarlanıb
09 İyul 2012 Bazar Ertəsi 17:09
Lənkəran Dövlət Humanitar Kollecində rüşvətxorluq faktları aşkar edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Təhsil Nazirliyinin Lənkəran Dövlət Humanitar Kollecinin müəllimləri tərəfindən tələbələrdən rüşvət tələb edilməsi barədə Lənkəran rayon sakininin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Müəyyən edilib ki, kollecin “İbtidai təhsil” fakültəsinin əyani şöbəsinin müəllimi Əliyeva Mailə Kazım qızı kollecin digər vəzifəli şəxsləri ilə əlbir olaraq 4 b qrupunun tələbələrinin hər birindən dövlət imtahanında qiymət yazılması üçün 150 manat məbləğində pul alıb.
Məlumatın araşdırılması ilə əlaqədar məhkəmənin müvafiq qərarına əsasən həyata keçirilmiş əməliyyat tədbirləri zamanı M. Əliyevanın 10 tələbənin hər birindən təkidlə 150 manat məbləğində pul alması aşkar şəkildə müşahidə edilərək qeydə alınıb. M. Əliyeva həmin məqsədlə tələbələrdən ümumilikdə 3.530 manat məbləğində pul alıb.
Bundan başqa, araşdırma zamanı kollecdə tədris proqramlarının əsas etibarı ilə yerinə yetirilmədiyi, ixtisaslı kadrların hazırlanmasının formal xarakter daşıdığı, keyfiyyətsiz tədrisin nəticəsi olaraq tələbələrin zəruri biliklərə yiyələnməməsi, imtahanlarda qiymətləndirmənin meyarı kimi biliyin deyil, pulun və digər vasitələrin əsas götürülməsi kimi neqativ hallara yol verildiyi aşkar edilib.
Fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
İstintaq zamanı istintaq-əməliyyat tədbirləri vasitəsi ilə bütün təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, habelə bu kimi cinayətləri doğuran səbəb və şəraitin aradan qaldırılması üçün zəruri profilaktik tədbirlər həyata keçirilməsi təmin ediləcək.
DOSTLARINLA PAYLAŞ: