Cavanlar sevinir, yaşlılar kədərlənir
05 Sentyabr 2011 Bazar Ertəsi 23:16
Artıq orta məktəblərdə yaş senzinin tətbiqinə başlanılıb.
Artıq orta məktəblərdə yaş senzinin tətbiqinə başlanılıb. Ümumilikdə 17 min müəllimin iş yerləri ilə vidalaşacağı istisna olunmur. Yaş həddinin icrasına başlanmasına heç də birmənalı yanaşılmır.
Müəllimə Solmaz Eldarova 40 ildir coğrafiya fənnindən dərs deyir. 40 ildir ki, bilik gününü səbirsizliklə gözləyən Solmaz müəllimənin bu ildən artıq məktəb fəaliyyətinə də son qoyulur. Belə ki, yaşı 65-ə çatmış müəllimlərin ixtisarını nəzərdə tutan qanunun icrasından sonra bir çox müəllimlər kimi, onun da müəllim kimi fəaliyyəti başa çatır. Məktəb və şagirdlərin həyatının ayrılmaz bir hissəsinə çevrildiyini deyən Solmaz müəllimə özünü bunlarsız təsəvvür də etmir. Bu xəbəri eşitdikdən sonra isə həyatının ən çətin anlarının başlandığını deyir.
Yaşı 65-i ötmüş müəllimə Solmaz Eldarova bildirib ki, ona zəng edib xəbər ediblər ki, işdən azad olunmusan: “Təhqir olunmuşam. Nədir ki, 65 yaşım tamam olub. Mən hələ nə qədər desən işləyə bilərəm”.
Yaşının 65- i ötməsinə baxmayaraq Solmaz müəllimə öz peşəsini çox sevdiyini və hələ də şagirdlərə bilik vermək enerjisində və istəyində olduğunu deyir. O, cavanlara nisbətən yaşlı müəllimlərin şagirlərə daha çox bilik verə biləciyi qənətindədir.
“Uşaqar məni sevirlər. Mən də uşaqları sevirəm. Lakin belə bir enerjimiz daha da alışıb daşır. İşləmək fəaliyyətim yüksəkdir. Gedib-gələ bilirəm. İndi məni işdən azad edirlər. Bu məni bir az incidir. İşdən uzaqlaşdırılmışamsa da, heç olmasa pensiyalarımız artırılsın. Verilən 150 manat pensiya isə mənə o qədər də kifayət etməyəcək”, - deyə Solmaz müəllimə gileylənib.
Bu qanunun icrası yaşlı müəlimləri nə qədər kədərləndiribsə, gənc müəllimləri bir o qədər sevindirib. Çünki uzun müddətdir iş tapa bilməyən gənc pedaqoqlar bundan sonra məktəblərdə boş yerlərin olacağına ümid edir. Artıq 1 ildir ki, universiteti bitirən Nigar Abıyeva müəllim işləmək üçün bir neçə məktəbə müraciət etdiyini deyir. Nigar hesab edir ki, onun kimi gənc pedaqoqlar bu qanunun icrasından faydalana bilər.
“Litseylərə, dövlət məktəblərinə müraciət etmişəm. İstənilən nəticə əldə etməmişəm. Bəzi yerlərdə deyirlər ki, SV-ni qoy, bəzi yerlərdə isə boş yer olmadığını söyləyirlər. Ümid edirəm ki, yaşlı müəllimlər təqaüdə çıxandan sonra bizim üçün imkan yaranacaq”, - deyə gənc pedaqoq Nigar Abıyeva bildirib.
Kadr çatışmazlığı problemi yaranacağı təqdirdə isə Təhsil Nazirliyi 65 yaşlı müəllimlərin işdən çıxarılması prosesinin müvəqqəti olaraq dayandırıla biləcəyini deyir. Nazirlik hesab edir ki, məktələrə gənc müəllimləri cəlb etməklə, təhsilə də yeni nəfəs gələcək. ANS TV-də “Salam Azərbaycan” verilişinin qonağı olan Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov deyir ki, bunula belə qanunda nəzərdə tutulduğu kimi, yaşı 70-i ötmüş müəllimlərə heç bir güzəşt edilməyəcək: “Yaşı 65-i ötmüş müəllimlər bir ildən-bir müvafiq icra strukturların razılığı ilə dərs keçə bilərlər”.
Qeyd edək ki, hazırda Azərbaycanda 65-70 yaşlı müəllimlərin sayı 17 mindən artıqdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: