İyunun 20-də magistratura pilləsinə imtahanın ikinci mərhələsi olacaq.
Həftənin bazar günü - iyunun 20-də Bakı və Naxçıvan şəhərlərində cari tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirləcək.
TQDK-a sədri Məleykə Abbaszadə imtahanda 6613 bakalavrın işirak edəcəyini qeyd edib. Onlardan 5752 nəfəri Azərbaycan bölməsinin, 861 nəfəri isə rus bölməsinin məzunudur. Bakalavrların 3051 nəfərini oğlanlar, 3562 nəfərini isə qızlar təşkil edir. 4072 nəfər ali təhsil müəssisələrinin builki, 2541 nəfər əvvəlki illərin məzunudur. Bakalavrlardan 40 nəfəri xarici ölkə vətəndaşıdır. Ən yaşlı bakalavr 1961-ci il, ən gənci isə 1991-ci ildə anadan olub.
Qəbul imtahanı Bakı şəhərində 9, Naxçıvan şəhərində 1 binada keçirilir. İmtahanın idarə olunması üçün 45 imtahan rəhbəri, 410 nəzarətçi-müəllim cəlb olunub.
İmtahan saat 11:00-da başlanır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.
İkinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. Bakalavrın hər düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
İmtahanın nəticələri www.tqdk.gov.az internet səhifəsində yerləşdiriləcək. Hər bir bakalavr öz imtahan nəticələrinə dair “məlumat vərəqi”ni internet vasitəsilə əldə edə bilər.
Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar iyunun 22-dən 25-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimi aparırlar.
Təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslaşmaları seçmək (müsabiqədə iştirak etmək) hüququnu qazanmaq üçün bakalavrın iki mərhələ üzrə imtahandan topladığı ümumi bal (balların cəmi) 75-dən, o cümlədən ixtisas üzrə testdən (essedən, tərcümədən, suallara yazılı cavabdan) topladığı bal 20-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslaşmaları seçmək üçün isə, bunlarla yanaşı, imtahanın birinci mərhələsində bakalavrın ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmamalıdır.
Dövlət sifarişi ilə qəbul aparılan ixtisaslaşmaları seçmək (müsabiqədə iştirak etmək) hüququnu qazanmaq üçün tələb olunan müsabiqə şərtləri ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən müəyyən ediləcək.
İxtisaslaşma seçimində hər bir bakalavr 20-dək ixtisaslaşma kodu seçə bilər. Bakalavrın seçdiyi ixtisaslaşmalar onun imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olmalıdır (İxtisaslaşma seçimi cədvəli “Magistr” jurnalının 2010-cu il 3-cü sayında dərc olunub).
Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.
Qəbul aparılan ixtisaslaşmalar
Cari ildə qəbul aparılan ixtisaslaşmalar üçün ayrılmış yerlərin ümumi sayı 5252-dir (2009-cu ildə 5168). Bunlardan 2071-i dövlət sifarişi ilə qəbul aparılan ixtisaslaşmalardır. ANSPRESS