Bu gün “Son zəng”dir
30 May 2009 Şənbə 10:30
Bu gün Azərbaycanda “Son zəng” qeyd olunur. APA-nın məlumatına görə, ölkənin orta məktəblərini bitirənlər bu gün son dəfə məktəb zəngini çalacaqlar.
Lakin Azərbaycanda əvvəlki illərdən fərqli olaraq, bu il “Son zəng” məhdud şəraitdə keçiriləcək. Belə ki, təhsil naziri “Son zəng”in geniş miqyasda keçirilməsini lazım bilməyib. Nazir Misir Mərdanov imzaladığı əmrlə “Son zəng”in yalnız məktəblərin ərazisində keçirilməsinə icazə verib. Bundan başqa, saat 10.00-da başlayacaq mərasim saat 13.00-dək yekunlaşmalıdır. Məzunların “Son zəng”i restoranlarda qeyd etməsinə imkan verilməməsi ilə bağlı valideynlərə də xəbərdarlıq edilib. Xəbərdarlıqda bildirilir ki, məktəbdən kənar ərazilərdə “Son zəng”in qeyd olunması zamanı baş verə biləcək hər hansı xoşagəlməz hadisəyə görə məsuliyyət valideynlərin üzərinə düşür.

“Son zəng” paytaxt Bakının orta məktəblərində də qeyd olunacaq. Bununla əlaqədar Bakı şəhər Baş Polis İdarəsi bu gün gücləndirilmiş iş rejimində çalışır. “Son zəng”lə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsində də “Qaynar xətt” yaradılıb. İdarənin 4 41 06 99 nömrəli telefonu gün ərzində “Son zəng”lə bağlı yaranan istənilən narahatlığa cavab verəcək.

Qeyd edək ki, bu il Bakı üzrə orta məktəbləri 25500, respublika üzrə isə 112549 məzun bitirir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar