Bu gün orta məktəblərin doqquzuncu sinif şagirdlərinin buraxılış imtahanıdır
03 İyun 2012 Bazar 04:34
Bakıda və bölgələrdə 37 minə yaxın şagird imtahan verəcək.
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakıda Azərbaycan və rus bölməsi şagirdlərinin, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz şəhər və rayonlarında isə rus bölməsi şagirdlərinin buraxılış imtahanlarını keçirəcək. ANS PRESS-in məlumatına görə, imtahanda orta ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri iştirak edəcəklər.

Buraxılış imtahanlarının keçirilməsi üçün Bakı şəhərində ümumilikdə 68 imtahan mərkəzi ayrılıb: imtahan Nərimanov rayonunda 6, Səbail rayonunda 4, Yasamal rayonunda 6, Nəsimi rayonunda 5, Nizami rayonunda 5, Binəqədi rayonunda 8, Sabunçu rayonunda 8, Xətai rayonunda 8, Suraxanı rayonunda 7, Xəzər rayonunda 6, Qaradağ rayonunda 5 binada aparılacaq. Bu gün Bakı şəhəri üzrə 34 min 277 nəfər IX sinif şagirdinin buraxılış imtahanında iştirakı gözlənilir.

Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmazın rus bölməsi şagirdlərinin buraxılış imtahanları üçün adı çəkilən şəhər və rayonların hər birində bir imtahan mərkəzi yaradılıb. Həmin şəhər və rayonların ümumtəhsil məktəblərinin rus bölməsində təhsil alan 2 min 96 nəfər IX sinif şagirdi imtahan verəcək.

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim ediləcəkdir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirəcəklər.

İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılacaq.

Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar