Bu gün Azərbaycanda 15 mindən çox abituriyent imtahan verəcək
27 İyul 2012 Cümə 03:23
Ölkənin 6 şəhərində IV ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 27-də 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək.

Komissiyadan ANS PRESS-ə verilən məlumata görə, eyni zamanda hərbi liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (Feldşer ixtisası üzrə) qəbul imtahanı keçirilir.

İmtahan respublikanın 6 şəhərində - Bakıda 16, Naxçıvanda 3, Gəncədə 3, Sumqayıtda 3, Şəkidə 2, Lənkəranda 1 binada keçiriləcək.

Orta ümumtəhsil müəssisələrindən 1174 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 115 imtahan rəhbəri cəlb olunacaq.

2012-ci ildə IV qrup üzrə 15408 abituriyent ərizə təqdim edib. IV ixtisas qrupu üzrə sənəd verənlərin 14493 nəfəri Azərbaycan bölməsinin, 915 nəfəri isə rus bölməsinin məzunudur.

Abituriyentlərin 9352 nəfərini oğlanlar, 6056 nəfərini isə qızlar təşkil edir.

7758 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 5320 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 45 abituriyent xarici ölkələrin vətəndaşıdır. 46 abituriyent ali təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.

415 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1961-ci ildən, ən gənc isə 1997-ci ildəndir.

Bakı şəhərində 9197 abituriyent, Naxçıvanda 1626 abituriyent, Gəncədə 1762, Sumqayıtda 1340 abituriyent, Şəkidə 713 abituriyent, Lənkəranda isə 770 abituriyent imtahan verəcək.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq.

Abituriyentlər imtahana 2 sənəd gətirməlidirlər: şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni. Gostərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunaraq, onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaqlar.

IV ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər.

IV ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 31-dən avqustun 8-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə IV ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.

Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar