Bu gün ali məktəblərin IV ixtisas qrupuna qəbul imtahanları keçirilir
17 İyul 2010 Şənbə 11:55
Ağstafa-Qazax və Böyükkəsik-Bakı qatarlarının paytaxta gecikmə ilə çatması ilə əlaqədar xeyli sayda abituriyent qəbul imtahanlarında iştirak edə bilməyib.
TQDK: Gecikmə səbəbindən asılı olmayaraq artıq heç bir abituriyent imtahan buraxılmayacaq
Ağstafa-Bakı sürət qatarı və Böyükkəsik-Bakı sərnişin qatarlarının Bakıya gecikmə ilə çatması bir qrup abituriyentin IV ixtisas qrupuna qəbul imtahanlarında iştirakında problem yaradıb. Gəncə şəhərinə saat 24:00 radələrində çatmalı olan qatarlar 3 saat gecikiblər. APA-nın məlumatına görə, Ağstafa qatarındakı sərnişinlərin əksəriyyəti abituriyentlərdir. Bu gün ali məktəblərə IV qrup üzrə keçirilən qəbul imtahanında iştirak etməli olan abituriyentlərin buraxılış vərəqəsində isə onların imtahana saat 09:30-da buraxılacağı qeyd olunub. Lakin qatarların ləngiməsi nəticəsində abituriyentlər imtahan verməli olduqları ünvanlara vaxtında çata bilməyiblər. Bu vəziyyətin yaranmasına səbəb Ağstafa rayonunda yağan güclü yağış səbəb olub. Yağan güclü yağışlar nəticəsində “Azərenerji” ASC-nin yüksək gərginlikli elektrik xətti qırılaraq dəmir yolu xəttinin üstünə düşüb. Nəticədə qatarların hərəkətində ciddi problem yaranıb. Problemin aradan qaldırılması üçün xeyli vaxt sərf olunub və nəticədə qatarlar ləngiyib. Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya verdiyi açıqlamasında bildirib ki, qatarda olan və imtahan gecikən abituriyentlər imtahana buraxılmayacaq: “Həmin qatarda çoxsaylı abituriyentlər ola bilməz. Çox az sayda abituriyent ola bilər ki, imtahanın keçirildiyi gün qatarla paytaxta gəlsin. Çünki rayonlardakı abituriyentlər bir neçə gün Bakıya gəlib, imtahan verəcəkləri yeri əvvəlcədən öyrənməlidirlər. Çox az sayda abituriyent imtahan günü Bakıya gəlmək qərarını verə bilər. Hər halda hələlik biz qatarla gəldiyinə görə imtahana gecikən abituriyent qeydə almamışıq”. E. Nağızadə deyib ki, gecikmə səbəbindən asılı olmayaraq abituriyentlər 11:30-a kimi imtahan girmə hüququna malikdirlər: “11:00-da imtahanlar başlayıb və gecikmə səbəbindən asılı olmayaraq artıq heç bir abituriyent imtahan buraxılmayacaq”.
Qeyd edək ki, bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərin IV ixtisas qrupuna qəbul imtahanları keçirir. Bu qrup üzrə 15 min 348 nəfər ərizə təqdim edib. Onların 14 min 173 nəfəri Azərbaycan, 1175 nəfəri rus bölməsinin məzunudur. Abituriyentlərin 7118-i oğlan, 8230 nəfəri qızdır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyənlərin 86 nəfəri xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1950-ci il, ən gənci isə 1995-ci il təvəllüdlüdür. Bakı şəhərində 14 min 199, Naxçıvanda 1149 abituriyent imtahan verəcək.
İmtahanlar Bakı şəhərində 27, Naxçıvanda 3 binada keçirilir, 1034 nəzarətçi müəllimin iştirak edəcəyi imtahanlara 107 imtahan rəhbəri cəlb edilib. APA
DOSTLARINLA PAYLAŞ: