Bu gün 18 şəhərdə imtahandır
03 Aprel 2011 Bazar 09:43
TQDK-nın sınaq imtahanında iştirak üçün 31468 abituriyent qeydiyyatdan keçib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 3-dən başlayaraq abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanlarına başlayır. TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, ilk sınaq imtahanı Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Qazax, Ağstafa, Mingəçevir, Yevlax, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Babək, Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 35 binada keçirilir.
Qeyd edək ki, bu imtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə martın 16-dan aparılmış və 31468 abituriyent qeydiyyatdan keçib.
İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar! İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qəti qadağandır!
Növbəti sınaq imtahanı aprelin 10-da keçiriləcək və hazırda həmin imtahana yazılış davam edir. Aprel ayının 3-də və 10-da sınaq imtahanı iştirakçılarına eyni test kitabçası təqdim olunacaq.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: