Botanika İnstitutu razılığa gəldi
18 Aprel 2014 Cümə 17:13
İslam İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən layihənin mövzusu “Aral-Xəzər dənizi hövzələrinin azməhsuldar torpaqlarında ərzaq təhlükəsizliyinin yüksəldilməsi”dir.
AMEA Botanika İnstitutu və Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəz (İCBA) arasında elmi tədqiqat işlərinin aparılmasına dair rəsmi razılaşma imzalanıb. AMEA Botanika İnstitutu Elmi İnformasiya və İnnovasiya şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, İslam İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən layihənin mövzusu “Aral-Xəzər dənizi hövzələrinin azməhsuldar torpaqlarında ərzaq təhlükəsizliyinin yüksəldilməsi”dir.

Layihənin icra olunmasında əsas məqsəd Azərbaycanda Kür-Araz ovalığının şoranlaşmış və azməhsuldar torpaqlarında duza davamlı, geniş istifadə aspektli məhsullar, ağaclar və halofitlərin qiymətləndirilməsi və davamlı istifadə vasitəsilə məhsuldarlığın və qida təhlükəsizliyinin yüksəldilməsidir. Layihənin nəticəsi arid ərazilərində ekosistemlərin stabil fəaliyyətinə və növün biomüxtəlifliyinin qorunmasına şərait yaradacaq.

Qeyd edək ki, layihə AMEA Botanika İnstitutu tərəfindən İCBA-nın kordinatorluğu ilə 2 il müddətində icra olunacaq. Layihənin icrası zamanı əldə olunan nəticələrin maraqlı tərəflərə (fermer təsərrüfatı ilə məşğul olan sahibkarlara, tədris müəssələrinə və s.) təqdimatı üçün müxtəlif treyninqlər, seminarlar və görüşlərin təşkili nəzərdə tutulub.

Həmçinin tədqiqatların nəticələrinin müxtəlif elmi konfrans və seminarlarda təqdim olunması elmi jurnallarda dərc olunması nəzərdə tutulur. Botanika İnstitutunun gənc mütəxəssislərinin layihə üzrə tədqiqat işlərinə cəlb edilməsi və yeni metodların öyrənilməsi məqsədilə müxtəlif beynəlxalq treyninq və seminarlarda fəal iştirakı planlaşdırılır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar