Bu gündən 2009/2010-cu tədris ili üçün Azərbaycan Respublikasının dövlət və qanunvericilikdə müəyyən olunmuş qaydada qeydiyyatdan keçmiş qeyri-dövlət ali məktəblərinin magistraturasının boş qalan plan yerlərinə qəbul başlayıb. Qəbul 3 may və 21 iyun tarixlərində keçirilmiş ikimərhələli qəbul imtahanında toplanmış ballar əsasında aparılacaq.
Bakalavrlar boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 28 iyul saat 9.00 dan 30 iyul saat 18.00 dək TQDK-nın internet saytının müvafiq səhifəsinə daxil olaraq “Bakalavrın elektron ixtisas seçimi ərizəsi”ni doldurub təsdiq etməlidirlər.
Hər bir bakalavr dövlət və qeyri-dövlət ali məktəblərinin təhsili ödənişsiz və ödənişli əsaslarla olan 10-dək ixtisas kodunu seçə bilər. Seçilmiş ixtisaslar bakalavrın imtahan verdiyi qəbul proqramına və onun bakalavr pilləsindəki ixtisasına uyğun olmalıdır. İkinci magistr təhsili almaq istəyənlər yalnız təhsili ödənişli əsaslarla olan ixtisasları seçə bilərlər.
Müsabiqəyə ümumi balı (iki mərhələ üzrə topladığı balların cəmi) 70-dən az olmayan bakalavrlar buraxılırlar. Bu zaman bakalavrın ixtisas üzrə (testdən, essedən, tərcümədən, suallara yazılı cavabdan) topladığı bal 15-dən, tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqəyə buraxılması üçün isə ingilis dilindən topladığı bal 15-dən az olmamalıdır.
Ərizə təsdiq edildikdən sonra onda heç bir dəyişiklik etmək mümkün olmayacaq. /ANS PRESS/