Bir məktəbi qorumaq üçün ayda 3 min manat lazımdır
15 Aprel 2010 Cümə Axşamı 17:00
Bunu təhsil naziri Misir Mərdanov deyib.
“Çalışacağıq ki, Azərbaycanın 7 min təhsil müəssisəsinin hər birinin təhlükəsizliyini təmin edək. Hökm deyil ki, bu müəssisələrin hər birində əlisilahlı adam dayansın. Ancaq biz müvafiq tədbirlər görürük ki, təhsil müəssisələrində xoşagəlməz hadisələr baş verməsin”. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib.
Nazir xatırladıb ki, heç bir təhsil müəssisəsinin mühafizə adı ilə şagird və valideynlərdən pul yığmağa ixtiyarı yoxdur: “Dəfələrlə demişəm ki, heç kəs məktəbin şagirdindən bu və digər məsələ ilə bağlı pul toplaya bilməz. Bunların hamısı qeyri-qanuni addımlardır. Belə insanlar zaman-zaman atdıqları addımlara görə cavab verirlər və verəcəklər. Azərbaycan dövlətinin kifayət qədər gücü var ki, təhsil müəssisəsini saxlasın”.
M. Mərdanov deyib ki, hazırda Bakıda 10-dan çox məktəb birbaşa Təhsil Nazirliyi ilə bağlıdır. Bu məktəblərin hamısının müvafiq mühafizəsi təmin edilib. Digər məktəblərə isə lazımi vəsait ayrılmadığından mühafizəni hər yerdə istənilən şəkildə təmin etmək mümkün olmayıb: “Bir təhsil müəssisəni bir ay ərzində qorumaq üçün ən azı 3 min manat lazımdır. Bu, az vəsait deyil. Həmin məbləği 7 minə vursaq, çox böyük rəqəm alınar”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: