Bəzi abituriyentlər imtahan nəticələrini süni şəkildə artırırlar
18 Aprel 2012 Çərşənbə 17:46
Sınaq imtahanları ilə bağlı aparılan təhlillər belə göstərir.
Bəzi abituriyentlər sınaq imtahanlarında nəticələrini süni şəkildə artırırlar. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından ANS PRESS-ə verilən məlumata görə, imtahanlarda istifadə olunan test kitabçaları əsasən növbəti həftə keçirilən sınaq imtahanında yenidən təqdim edilir. Təkrar sualların təqdim edildiyi sınaq imtahanlarının keçirilməsində məqsəd bölgələrdə yaşayan, eləcə də əvvəlki həftədə keçirilmiş sınaqda iştirak edə bilməyən abituriyentlərə də öz bilik səviyyələrini yoxlamaq imkan yaratmaqdır.
Belə ki, ötən sınaq imtahanları ilə bağlı aparılan təhlillər göstərir ki, bəzi abituriyentlər ilk sınaqda iştirak etdikləri halda, təkrar sualların təqdim edildiyi növbəti sınaq imtahanına da qatılırlar ki, bu halda da suallar barədə məlumatlı olduqlarına və artıq düzgün cavabları bildiklərinə görə, onların sınaq imtahanı nəticələrində süni artım müşahidə edilir.
Təkrar sınaqlarda iştirak edən abituriyentlərdən bəzilərinin birinci imtahanda topladığı bal 150, 211, 295 olduğu halda, “tanış suallar”dan nəticələri 600-dən yuxarı, bəzilərində isə hətta 700 bal və ya həmin nəticəyə yaxın olub. Belə hallar isə valideynlərdə öz övladlarının bilik səviyyəsi ilə bağlı yanlış təsəvvürlərin yaranmasına gətirib çıxarır. Xüsusilə nəzərə alsaq ki, imtahan texnologiyaları ilə bağlı məlumatlı olmayan valideynlər bu cür “yüksək” nəticənin təkrar sınaqdan qeydə alındığını bilmir, sonradan qəbul imtahanlarında övladlarının yaxşı nəticə əldə etmədiyini öyrəndikdə təəccüblənirlər.
TQDK-a sınaq imtahanlarının nəticələri ali məktəblərə qəbul olmaq üçün həlledici rola malik olmadığını unutmamalı olduğunu xatırladıb. Bu sınaqlar yalnız abituriyentlərə özlərini real imtahan şəraitində hiss etmək, qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşmaq, ayrılmış vaxtdan səmərəli istifadə etmək kimi bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilir.
"Odur ki, abituriyentlərdən öz imtahan nəticələrini bu kimi üsullarla süni surətdə artırmaqla özlərini və yaxınlarını aldatmamağı tövsiyə edirik".
Qeyd edək ki, imtahanların iyun ayının 10-dək keçirilməsi nəzərdə tutulmuşdur.
DOSTLARINLA PAYLAŞ: