BDU ilə Xarkov Milli Universiteti arasında memorandum imzalanıb
29 İyun 2011 Çərşənbə 16:58
Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universitetinin birinci prorektoru, professor Vladimir Aleksandrovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
BDU-nun Mətbuat və İnformasiya şöbəsindən APA-ya verilən məlumata görə, universitet haqqında qonaqlara ətraflı məlumat verən A. Məhərrəmov əsasən onun beynəlxalq əlaqələrindən danışıb. İkitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə nümayəndə heyətinin rəhbəri Xarkovda Azərbaycan Mərkəzinin yaradılması fikrini açıqlayıb. Görüşün nəticəsi oraq BDU ilə Xarkov Milli Universiteti arasında anlaşma memorandumu imzalanıb. Memorandum qarşılıqlı mühazirələrin oxunması, elmin aktual problemləri üzrə qarşılıqlı maraq doğuran sahələrdə birgə elmi tədqiqatların aparılması, pedaqogika, tədris metodikası, ali təhsilin strukturu məsələlərində təcrübə və informasiya mübadiləsini nəzərdə tutur.
Bundan başqa, tərəflər staj keçmə və ixtisasın artırılması məqsədi ilə müəllim, aspirant və tələbə mübadiləsi, elmi məqalələrin, tədris vəsaitlərinin, tədris planlarının və proqramlarının, ədəbiyyatın mübadiləsi və hər iki tərəfin nailiyyətlərini əks etdirən sərgilərin təşkilində və digər məsələlərdə əməkdaşlıq edəcəklər.
Ukraynalı qonaqlar BDU-nun laboratoriyaları ilə tanış olublar. APA
DOSTLARINLA PAYLAŞ: