Baş Prokurorluq işə qəbulla bağlı müsabiqə elan edir
19 May 2009 Çərşənbə Axşamı 12:10
Müsabiqə ixtisas imtahanları və söhbətdən ibarət olacaq

Azərbaycan Baş Prokurorluğu işə qəbulla bağlı müsabiqə elan edir. Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 60 ştat vahidi üzrə işə qəbul olunmaq arzusunda olanlar və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Baş Prokurorluğa müraciət edə bilərlər:
1. Baş Prokurorluq tərəfindən müəyyən olunmuş formada ərizə.
2. Şəxsiyyət vəsiqəsinin əsli və notarial qaydada təsdiq edilmiş surəti.
3. Tərcümeyi-hal və kadrlar uçotuna dair anket (blanklar prokurorluqdan verilir).
4. 4x6 sm ölçüdə ağ fonda 6 ədəd rəngli fotoşəkil.
5. Ali təhsil haqqında diplomun, diploma əlavə olunan qiymət cədvəlinin əsilləri və notarial qaydada təsdiq edilmiş surətləri.
6. Əmək kitabçasının notarial qaydada və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti.
7. Yaşadığı ünvan üzrə poliklinikadan (forma № 086) sağlamlığı, ruhi-əsəb və narkoloji dispanserlərdə qeydiyyatda olub-olmadığı barədə arayışlar.
8. Yaşadığı ünvan və ailə tərkibi haqqında arayış.
9. Yaşadığı ünvan üzrə rayon (şəhər) hərbi komissarlığında qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış, hərbi biletin əsli və notarial qaydada təsdiq edilmiş surəti.
Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin bilik səviyyəsi, dünyagörüşü, prokuror və ya müstəntiq vəzifəsinə yararlığının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində, şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və söhbətdən ibarət müsabiqə təşkil ediləcək. Prokurorluğa işə qəbul olunmaq üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, onların ali hüquq təhsili Azərbaycan ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, seçkilərdə iştirak etmək hüququ olmalıdır. Prokurorluğa işə sənədlərini verənədək 30 yaşına çatmamış Azərbaycan vətəndaşları qəbul olunurlar. Prokurorluğa ikili vətəndaşlığı olan şəxslər, digər dövlətlər qarşısında öhdəlikləri olanlar, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər, alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər, əvvəllər məhkum olunmuş və ya bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər, əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər, qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmət keçməmiş çağırış yaşlı vətəndaşlar işə qəbul edilmirlər. Müsabiqənin test imtahanının tarixi, imtahan sualları, onların hazırlanmasında istifadə edilmiş qanunların siyahısı və digər məlumatlar barədə mətbuatda, internetdə (www.genprosecutor.gov.az) və Baş Prokurorluğun Qəbul otağında yerləşdirilmiş lövhədə əlavə elan veriləcək. Sənədlər Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi, 7 №-li binada Baş Prokurorluğun inzibati binasının Qəbul otağında 18 sentyabr 2009-cu il tarixə qədər hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 09.30-dan saat 17.30-dək qəbul olunacaq. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar