Bu gün Azərbaycanın ümumtəhsil məktəblərində “Son zəng” günü qeyd edilir. Bir çox məktəblər kimi Yasamal rayonunda yerləşən Arif Hüseynov adına 20 saylı orta məktəbdə də “Son zəng” tədbiri təmtəraqlı təşkil edilmişdi. Məktəbin direktoru Sabir Məmişov ANS PRESS-ə açıqlamasında bildirdi ki, bu il 20 saylı məktəb 8 sinifi ilə vidalaşır. Ümumilikdə 211 şagird məktəbi bitirir. Onlardan 135 Azərbaycan, 76 rus bölməsinin payına düşür.
S.Məmmədovun sözlərinə görə, bu il “Son zəng” tədbiri ötən illərdə olduğu kimi yalnız məktəb daxilində keçiriləcək: “Məktəbdəki tədbirdən sonra bütün şagirdlər öz evlərinə gedəcəklər. Əlavə heç bir tədbir keçirilməyəcək. Valideynlərlə də danışmışıq ki, övladlarını bu gün bulvara, yaxud da başqa bir yerə gəzməyə buraxmasınlar”.
Qeyd edək ki, 2012-2013-cü tədris ilində ümumtəhsil məktəbləri üzrə 216.734 şagird buraxılacaq. Bu göstəricidə IX sinif şagirdlərinin sayı 125.250 nəfər, XI sinif şagirdlərinin sayı isə 91.484 nəfər təşkil edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin IX və XI siniflərini bitirən şagirdlərin sayı 49321 nəfərdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, cari dərs ilində IX sinif üzrə təhsilini başa vuran şagirdlərin sayı 28321, XI sinfi bitirən məzunların sayı isə 21000 nəfərdir.
Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri üzrə 2012/2013-cü tədris ilində tələbələrin gözlənilən buraxılışı 26.137 nəfərdir.
Məlumatda bildirilir ki, nazirliyin tabeliyində olan orta ixtisas təhsili müəssisələri üzrə gözlənilən tələbə buraxılışı isə 10.399 nəfər təşkil edir.
Bakı Şəhər Baş Polis İdarəsi hər il olduğu kimi bu il də “Son zəng” tədbirlərilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək, orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq və “Son zəng”lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.
Bu gün bütün orta məktəblərdə “Son zəng” tədbirləri saat 10:00-dan başlayacaq, üç saat müddətində yalnız təhsil müəssisəsinin ərazisində keçiriləcək. Bununla bağlı məktəb rəhbərlərinə müvafiq tapşırıqlar da verilib. Bildirilib ki, “Son zəng”lə bağlı məktəb ərazisindən kənarda keçirilən tədbirdə hər hansı hadisə baş verərsə, məsuliyyət təhsil ocağının deyil, valideynlərin üzərinə düşəcək.