Bakıda 25367 nəfər XI sinif şagirdi buraxılış imtahanı verib
17 İyun 2011 Cümə 14:52
İyunun 18-də isə Bakı şəhərinin IX siniflərində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçiriləcək.
Bu gün Bakı şəhəri üzrə 73 imtahan mərkəzində 25367 nəfər XI sinif şagirdi imtahan verib. Bu barədə Təhsil Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib. Ötən illərdə tam orta təhsil haqqında sənəd almağa müvəffəq olmayan 2017 məzunla isə 4 imtahan mərkəzində imtahan aparılıb.

Qaydalara müvafiq olaraq, tam orta təhsil səviyyəsi üzrə 3 saat ərzində 120 suala cavab verilməlidir. XI siniflər üzrə keçirilən buraxılış imtahanlarında sualların ümumi sayı dəyişməsə də, ayrı-ayrı fənlər üzrə dəyişikliklər edilib. Belə ki, ana dili və riyaziyyat fənləri üzrə suallar 25-dən 21-ə qədər azaldılıb, təbiət fənləri üzrə (kimya, biologiya, fizika, coğrafiya) suallar 10-dan 12-yə qədər artırılıb. Tarix və xarici dil fənləri üzrə sualların sayı isə (15) dəyişilməz qalıb. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında istifadə olunacaq test kitabçaları 18 variantda hazırlanıb ki, bu da sinifdə hər şagirdə bir variant deməkdir.

İyunun 18-də isə Bakı şəhərinin IX siniflərində ümumi orta təhsil səviyyəsi üzrə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçiriləcək. Həmin gün 75 imtahan mərkəzində 35026 nəfərlə imtahan aparılacaq. Şagirdlər 90 dəqiqə ərzində ana dili və riyaziyyat fənlərinin hərəsindən 25 sual olmaqla 50 suala cavab verməlidirlər. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında istifadə olunacaq test kitabçaları 12 variantda hazırlanıb.

Hər bir fənn üzrə sualların 20 faizdən 50 faizə qədərinə düzgün cavab verən şagird "3", 50 faizdən 80 faizə qədərinə düzgün cavab verən şagird "4", 80 faizdən yuxarı düzgün cavab verən şagird isə "5" ilə qiymətləndiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar