Bakıda Məzun gecəsi keçirildi
28 İyun 2012 Cümə Axşamı 23:27
Paytaxtın ümumtəhsil müəssisələrini 23 minədək gənc bitirir.
Bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində 2011-2012-ci tədris ili məzunlarının təntənəli buraxılış gecəsi keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı və “Bakcell” şirkətinin dəstəyi ilə reallaşdırılan tədbirdə paytaxt məktəblərinin builki məzunları ilə yanaşı, təhsil işçiləri və ictimaiyyətin nümayəndələri də iştirak ediblər.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın məzunlara təbrik məktubunun mətnini oxuyub.
BŞTİ-nin müdiri ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük əhəmiyyət verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.
N.Rzaquliyeva Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilimizə göstərdiyi böyük diqqət və qayğını xatırladıb. Təhsilimizin inkişaf etdiyini bildirən N.Rzaquliyeva Bakının ümumtəhsil məktəblərini bitirən məzunların bu sahədə qazandıqları nailiyyətlərdən danışıb.
Ölkəmizdə təhsil sahəsinə böyük önəm verildiyini qeyd edən təhsil naziri Misir Mərdanov Azərbaycan prezidenti İlham Əliyevin bu sahə ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini diqqətə çatdırıb.
Nazir məzunları təbrik edib, onları doğma Vətənə və xalqa ləyaqətlə xidmətə çağırıb. Bildirilib ki, tədris ilində Bakının ümumtəhsil müəssisələrini 23 minədək gənc bitirir.
Təhsildə uğur qazanan məzunlara hədiyyələr təqdim olunub.
DOSTLARINLA PAYLAŞ: