«Təhsilə ayrılan xərclər ilbəil artır. 2009-cu ildə təhsilə ayrılan xərclər ötən ilə nisbətən 21 faiz artaraq 238 milyon manata çatıb». Bu barədə Bakı Baş Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva Bakı şəhər təhsil işçilərinin bu gün keçirilən konfransında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, təhsil işçilərinin orta aylıq əmək haqqı artırılaraq 220 manatdan 268 manata çatdırılıb.
N.Rzaquliyeva qeyd edib ki, təqaüd yaşına çatmış müəllimlərin pedoqoji sahədən uzaqlaşdırılmasını tənzimləyən normativ hüquqi bazanın olmaması bu sahədə çətinlik yaradır.
Onun sözlərinə görə, təhsil sahəsində əsas problemlərdən biri ibtidai sinif müəllimlərinin sıxlığıdır: «Bakı şəhərində ümumtəhsil məktəblərində 990 ibtidai sinif müəllimi yığma saatlar hesabına işləyir. Belə vəziyyətin yaranmasının səbəblərindən biri sinif komplektlərinin azalmasıdır. 2008-ci ildə sinif komplektlərinin sayı 5293 olub».
N.Rzaquliyeva onu da bildirib ki, bu il birinci siniflərə dərs deyəcək 1900 müəllim kurrikulum kursları keçib.
ANSPRESS