“Bakı İslam Universitetinin rayon filialları fəaliyyətini dayandırır. Bu ildən universitetin rayon şöbələrinə tələbə qəbulu aparılmayacaq”.
Bunu APA-ya açıqlamasında Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli bildirib. Rektor həmçinin bu il universitetə qəbulla bağlı da müəyyən gecikmənin olduğunu söyləyib: “Etiraf etməliyəm ki, bu il İslam Universitetinə qəbulla bağlı gecikmə var. Bu da Təhsil Nazirliyi tərəfindən İslam Universitetinə verilməsi nəzərdə tutulan lisenziyanın gecikməsi ilə bağlıdır”. S. Həsənli həmçinin Təhsil Nazirliyi tərəfindən veriləcək lisenziyada yeni qəbul qaydalarının da yer aldığını qeyd edib: “Universitetimiz bu günədək lisenziyasız fəaliyyət göstərib. “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş dəyişiklikdən sonra isə İslam Universitetinin dövlət qeydiyyatına alınması, yəni legitimləşdirilməsi məsələsi ortaya çıxdı. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsinin Təhsil Nazirliyi ilə birgə apardığı müzakirələr nəticəsində universitetə lisenziya verilməsinə razılıq verildi. Lisenziya verilmədən isə universitetə qəbul aparmaq qanunla yolverilməzdir”.
Onun sözlərinə görə, lisenziya veriləndən sonra universitetin fəaliyyətində bəzi dəyişiklər baş verəcək: “Veriləcək lisenziyanın şərtlərinə əsasən universitetin rayon şöbələri fəaliyyətini dayandırmalıdır. Məhz buna görə də bu ildən İslam Universitetinin Zaqatala, Lənkəran və sairə şöbələrinə qəbul olmayacaq. Lakin həmin şöbələrdə oxuyan tələbələr İslam Universitetinin tələbəsi kimi təhsillərini davam etdirəcəklər. Onlara şərait yaradılacaq ki, təhsillərini başa çatdırsınlar. Bundan sonra isə bütün rayon şöbələri fəaliyyətini tam dayandıracaq”.
Qeyd edək ki, Bakı İslam Universiteti 15 ildən artıqdır ki, fəaliyyət göstərir. Hazırda universitetin, rayon şöbələri də daxil olmaqla 1000-dən çox tələbəsi var.
APA