Bakalavrların ixtisaslaşma seçimi bu gün başa çatacaq
25 İyun 2010 Cümə 14:20
5238 bakalavrdan 4445 nəfəri ixtisaslaşma seçimi edib.
2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən bakalavrların ixtisaslaşma seçimi bu gün başa çatacaq. TQDK-nın sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında müsabiqədə iştirak hüququ olan 5238 bakalavrdan 4445 nəfərinin ixtisaslaşma seçimi edərək təsdiq etdiyini bildirib. İyunun 27-də günün II yarısında isə yerləşdirmənin nəticələri elan ediləcək.

Qeyd edək ki, bakalavr seçdiyi ixtisaslaşmaları istədiyi ardıcıllıqla internet səhifəsindəki müvafiq elektron ərizə formasına daxil edir, hər bir ixtisaslaşma üzrə ödənişli əsaslarla və ya dövlət sifarişi əsasında təhsil almaq istədiyini qeyd edir və öz ixtisaslaşma seçimini təsdiqləyir.

Təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslaşma seçiminə və müsabiqəyə iki mərhələ üzrə qəbul imtahanlarından topladığı ümumi bal (balların cəmi) 75-dən, o cümlədən ixtisas üzrə testlərdən (essedən, tərcümədən, suallar üzrə yazılı cavablardan) topladığı bal 20-dən az olmayan bakalavrlar buraxılıblar.

Dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə ixtisaslaşma seçiminə və müsabiqəyə iki mərhələ üzrə qəbul imtahanlarından topladığı ümumi bal (balların cəmi) 100-dən (müəyyən proqramlar üzrə 80-dən)az olmayan bakalavrlar buraxılıblar. Tədrisi ingilis dilində olan ixtisaslaşmalar üzrə müsabiqədə iştirak etmək üçün isə, bunlarla yanaşı, bakalavrın ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmamalıdır.

İxtisaslaşma seçimində hər bir bakalavr 20-dək ixtisaslaşma kodu seçə bilər. Bakalavrın seçdiyi ixtisaslaşmalar onun imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olmalıdır.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi ilə bağlı müraciətlərə 23- 25 iyun tarixində saat 9.00-dan 17.00-dək TQDK-da təşkil olunmuş apelyasiya komissiyasında (ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 17) baxılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar