Azərbaycanda yeni Layihələrin İdarə edilməsi Məktəbi təsis edilib
31 Yanvar 2011 Bazar Ertəsi 11:25
BP və onun tərəfdaşları bu layihənin həyata keçməsi üçün bir milyon dollar vəsait ayıracaq.
BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları Azərbaycanda yeni yaradılacaq Layihələrin İdarə edilməsi Məktəbinin (LİEM) təsis edilməsi üçün bir milyon dollar vəsait ayıracaq. “BP-Azərbaycan” şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, özəl və ictimai sektorlarda çalışanlar üçün nəzərdə tutulmuş layihə dünyada tanınmış, hərtərəfli layihə idarə edilməsi proqramına daxil olmaq imkanını təmin edir. Layihədə əsas diqqət ölkədə layihə idarə edilməsi bacarıqlarının təkmilləşdirilməsi və uzun müddətli layihə idarə edilməsi biliklərini yaratmaq kimi məqsədlər üzərində cəmlənəcək.

Məktəbin tədris planı dünyada tanınmış iki sertifikasiyanın – Corc Vaşinqton Universiteti (CVU) tərəfindən verilən “Layihələrin İdarə edilməsi üzrə Magistr sertifikatı”nın və Layihələrin İdarə edilməsi İnstitutu (LİEİ) tərəfindən verilən "Layihənin İdarə edilməsi Mütəxəssisi" sertifikatının alınması üçün tərtib olunub. Proqram səkkiz moduldan ibarət olacaq – Layihələrin İdarə edilməsi, Layihəyə Rəhbərlik, İdarəetmə və Əlaqə, Risklərin İdarə edilməsi, Planlaşdırma və Xərclərə Nəzarət, Layihə Menecerləri üçün Keyfiyyət, Layihənin İdarə edilməsinin Tətbiqi Mexanizmi və Layihələrin İdarə edilməsi Mütəxəssisi (LİEM) imtahanına hazırlıq.

Bundan başqa, layihənin məqsədi həm də yerli təlim müəssisəsinin bacarıqlarını artırmaqdır. Buna görə də ilkin mərhələdə kursun keçiriləcəyi dil ingilis dili olacaq və 2-3 il keçdikdən sonra proqramı Azərbaycan dilində tədris etmək üçün yerli mütəxəssislər hazırlanacaq. Layihə Xəzər Universiteti ilə əməkdaşlıq çərçivəsində, layihələrin idarə edilməsi və onunla bağlı problemlərin həlli sahəsində aparıcı şirkət olan ESİ İnternational tərəfindən icra ediləcək.

“BP-Azərbaycan” şirkətinin prezidenti Rəşid Cavanşir bununla bağlı bildirib ki, Azərbaycana gəldiyi birinci gündən başlayaraq BP və onun tərəfdaşları bacarıqların yaradılması sahəsində ölkənin səylərinə qətiyyətlə kömək etmək niyyətini nümayiş etdirir: “Biz sahibkarlığın inkişafına dəstək vermək üçün əsas bacarıqların yaradılması məqsədi ilə yüzlərlə layihə həyata keçirmişik ki, bizim biznes fəaliyyətlərimizdə yerli şirkətlərin iştirakı genişlənsin.Ölkənin elmi və təhsil potensialının inkişafına kömək etmək məqsədilə Elmlər Akademiyası, universitetlər və kolleclər də daxil olmaqla onlarla yerli təhsil və elmi institutlarla əməkdaşlıq etmişik”.

Onun sözlərinə görə, "BP-Azərbaycan"ın uğurlu gələcəyinə töhfələr vermək öhdəliyinə sadiqdir və bu öhdəliyin bir hissəsi kimi, bu gün öz tərəfdaşları ilə birgə yeni bir mühüm təhsil təşəbbüsünə dəstək verəcək: “Mən çox məmnunam ki, bu proqram vasitəsilə biz iqtisadiyyatın bütün sahələrindən 120 nəfərdən artıq orta və yüksək səviyyəli menecerlərə layihələrin idarə edilməsi sahəsində öz bacarıqlarını və biliklərini inkişaf etdirməyə kömək edə biləcəyik”.

Kadrlar üzrə vitse-prezident Syu Adlam Hill isə bildirib ki, BP və onun Azərbaycandakı tərəfdaşları yerli istedadların inkişafını diqqət mərkəzində saxlayır. Onun sözlərinə görə, ixtisaslı işçi heyətinin 88 faizi, ixtisaslı olmayan işçilərin isə 100 faizi Azərbaycan vətəndaşlarıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar