Azərbaycanda yeni ixtisas qrupu yaradılır
18 Fevral 2013 Bazar Ertəsi 16:41
Ölkədə ali məktəblərə qəbul qaydalarında dəyişikliyin edilməsi təklif edilir.
Təhsil Nazirliyinin Təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin (TİMS) müdiri İsmayıl Sadıqov ölkədə ali məktəblərə qəbul qaydalarında dəyişikliyin edilməsini və V ixtisas qrupunun yaradılmasını təklif edir. I. Sadıqov “Trend”ə bildirib ki, qəbul imtahanlarında "İnformatika" fənnindən imtahanın verilməməsi narahatlıq doğurur.

Onun sözlərinə görə, informatika ilə bağlı ixtisasları, məsələn, "İnformatika müəllimliyi", "Kompüter mühəndisliyi", "Kompüter elmləri", "İnformasiya sistemləri mühəndisliyi" kimi ixtisasları seçənlər qəbul imtahanlarında "İnformatika"dan deyil, "Kimya"dan imtahan verirlər. Buna görə də kompüterlə bağlı ixtisaslar üçün ayrıca V ixtisas qrupunun yaradılması və bu qrupa "İnformatika" fənnindən imtahan salınması vacib hesab edilir. Yaxud qəbul imtahanlarında "Riyaziyyat" fənninin tərkibində bəzi sualların "İnformatika" fənnindən salınması da təklif olunur.

"İnformatika üzrə təhsil alanların "Kimya" fənnindən imtahan verməsi başa düşülən hal deyil. Əgər kimya ona doğrudan da lazımdırsa, onda bu ixtisası seçənlər niyə ali məktəbdə "Kimya" fənnindən bir semestr də olsa dərs keçmirlər? Düşünürük ki, artıq "İnformatika" fənninin ali məktəblərə qəbul imtahanlarına salınmasının vaxtı çatıb", - Sadıqov əlavə edib.

Nazirlik rəsmisi hesab edir ki, V qrup yaradılarsa, riyaziyyat, riyaziyyat müəllimliyi sahəsini seçənlər bu qrupa sənəd verə bilərlər.

Onun fikrincə, ölkə Prezidentinin sərəncamı ilə İnformasiya Kommunikasiya Texnologiyaları Universitetinin yaradılması ilə əlaqədar qəbul zamanı informatika fənnindən imtahının verilməsi artıq zəruri olub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə bazar ertəsi Trend-ə bildirib ki, 2013-2014-cü tədris ili üçün ali məktəblərə qəbul qaydaları təsdiqlənib və ixtisas qruplarında imtahan fənləri ilə bağlı hər hansı dəyişikliyin aparılması nəzərdə tutulmur. Bu və ya digər təkliflə bağlı müzakirələrin aparılması isə gələcək dövrün mövzusudur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar