Azərbaycanda soyuq günlərdə dərsə getməyən məktəblilərə şad xəbər!
13 Fevral 2012 Bazar Ertəsi 12:21
"Təhsil Nazirliyinin qərarında göstərilib ki, yollar buzdursa, şagirdin məktəbə getməsi məcburi deyil".
Ölkə ərazisində davam edən soyuq hava orta məktəblərə də təsirsiz ötüşməyib. Milli.Az-ın məlumatına görə, şaxtalı və çovğunlu havalarda Təhsil Nazirliyi müvafiq qərar da verib. Qərara əsasən, məktəblərə yaxın yaşayan şagirdlər təhsillərini davam etdirə bilərlər, lakin məktəbdən uzaqda yaşayan və nəqliyyat problemi olanlara dərsə gəlməməyə icazə verilir. Eyni zamanda, Təhsil Nazirliyi istilik sistemi ilə təchiz olunmayan orta ümumtəhsil məktəblərində də dərslərin dayandırılmasını tövsiyə edib.
Hazırda Bakı məktəblərində dərslər keçilsə də, şagirdlərin sayı azdır. Valideynlər buraxılan dərslərin sonradan proqrama uyğun çatdırılması baxımından şagirdlərə yüklənməsindən çəkinirlər. Buraxılmış dərs proqramı hansı yolla kompensasiya ediləcək? Qarşıdan gələn yaz tətilində dərs günü kimi keçiləcəkmi?
Bakı şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı bildirib ki, havaların şaxtalı keçməsinə baxmayaraq, dərslər rəsmi şəkildə təxirə salınmadı. Onun sözlərinə görə, məktəblər və müəllimlər işləyiblər, məktəbə getmək imkanı olan şagirdlərə dərs keçilib:
"Təhsil Nazirliyinin qərarında göstərilib ki, yollar buzdursa, şagirdlər dərsə gedə bilmirlərsə, nəqliyyat yoxdursa, şagirdin məktəbə getməsi məcburi deyil. Bizə şagirdlərin sağlıq durumları dərsə gəlmələrindən daha önəmlidir. Bakının bəzi yerlərində qaz və işıqla bağlı problemlər var. Qaz yoxdursa, istilik də yoxdur. Heç bir valideyn soyuq məktəbə uşaq göndərməz".
Z.Əliqızı qeyd edib ki, havalar yaxşılaşandan sonra dərs prosesi normallaşacaq və buraxılan fənlər üzrə tədris prosesi həyata keçiriləcək. Buraxılan günlərin əvəzi qarşıdan gələn tətillərdən alınmayacaq.
DOSTLARINLA PAYLAŞ: