Azərbaycanda doktoranturaya sənəd qəbulu elan olun
22 Avqust 2011 Bazar Ertəsi 11:39
Bu il Azərbaycanda doktoranturaya ilk dəfə olaraq qəbul keçirilir
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) AMEA-nın və Azərbaycan Respublikasının digər elmi müəssisələri və təşkilatları üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə qəbul elan edib.
AMEA-nın vitse-prezidenti Arif Həşimovun APA-ya verdiyi məlumata görə, elan AMEA və Ali Attestasiya Komissiyasının təsisçisi olduqları “Elm” qəzetinin 23-24-cü saylarında dərc olunub.
Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənəd vermək istəyən şəxslər doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına ərizə, kadrların şəxsi-qeydiyyat vərəqi, tərcümeyi-hal, 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə), iş yerindən xasiyyətnamə, iş stajı olanlar üçün əmək kitabçasından çıxarış, çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat, ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə), şəxsiyyəti təsdiq edən sənədin surətini təqdim etməlidirlər. Elmlər doktoru hazırlığı üzrə doktoranturaya namizədlər isə doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına ərizə, kadrların şəxsi-qeydiyyat vərəqi, tərcümeyi-hal, 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə), iş yerindən xasiyyətnamə, əmək kitabçasından çıxarış, çap olunmuş elmi işlərin siyahısı, «Fəlsəfə doktoru» və ya «Elmlər namizədi» elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti, ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə), şəxsiyyəti təsdiq edən sənədin surətini təqdim etməlidirlər.
Doktoranturaya sənəd qəbulu sentyabrın 1-dən 30-dək aparılacaq. Doktoranturaya qəbul imtahanları isə oktyabr ayında keçiriləcək.
Qeyd edək ki, bu il Azərbaycanda doktoranturaya ilk dəfə olaraq qəbul keçirilir.
DOSTLARINLA PAYLAŞ: