Azərbaycanda bəzi özəl ali məktəblər bağlana bilər
12 Avqust 2010 Cümə Axşamı 12:22
Bəzi özəl ali məktəblərin isə gələn il yeni maliyyələşdirmə mexanizmindən kənarda qalacağı gözlənilir.
İşçi qüvvəsinə qoyulan tələblər dəyişdiyindən yüksək səviyyəli ali təhsilli kadrların hazırlanması üçün tətbiq olunan əvvəlki maliyyələşdirmə mexanizmi də artıq özünü doğrultmur. Bu səbəbdən dünya ölkələri ali təhsil sistemlərində islahatlar apararaq maliyyələşdirmə mexanizmini dəyişir. Artıq bir çox ölkədə, o cümlədən Azərbaycanın yaxın qonşusu olan Gürcüstanda da ali təhsilin yeni maliyyələşdirilməsi sistemi tətbiq edilir. Avropa ali təhsil məkanına inteqrasiya edən Azərbaycan isə yeniliyə bu ildən başlayır.
Arxayınlaşmadan rəqabətə doğru
Hazırda dövlət ali məktəblərinin büdcəsi, əsasən büdcə və büdcədənkənar vəsaitlər, yəni ödənişli təhsil hesabına formalaşır. Dövlət ali məktəblərinin illik büdcəsi əvvəlki illərin xərcləri nəzərə alınmaqla, onların təqdim etdikləri xərclər smetasının proqnozu əsasında müəyyənləşdirilir. Amma hesab edilir ki, bu mexanizm ali məktəblərdə cavabdehliyin, rəqabətin, təhsildə keyfiyyətin yüksəldilməsini tam təmin etmir, büdcədən ayrılan vəsaitlər ali məktəblərdə müəyyən dərəcədə səmərəsiz istifadə olunur, vəsaitlərin bölgüsündə bəzən subyektivlik halları baş verir. Bundan əlavə, tələbə qəbulu və dövlət maliyyələşdirilməsi ali məktəblərin fəaliyyətlərinin nəticələrindən, keyfiyyət göstəricilərinin səviyyəsindən asılı olmayaraq, planlı qaydada həyata keçirildiyi üçün onlarda bir növ arxayınlaşma yaranır. Nazirlər Kabinetinin bu ilin iyunun 25-də təsdiqlədiyi “Ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin tətbiqi haqqında” qərar isə dövlət büdcəsindən ali təhsil müəssisələrini bir tələbə üçün müəyyənləşdirilmiş xərc normativinə əsasən maliyyələşdirməyi nəzərdə tutur. Bu o deməkdir ki, müvafiq kadr hazırlığı üzrə dövlət sifarişini yerinə yetirən təhsil müəssisələrinə maliyyə vəsaitləri tələbələrin sayından asılı olaraq veriləcək.
Bu yenilik bu il yalnız ali məktəblərin I kursunda tətbiq ediləcək. Gələn ildən isə onun əhatə dairəsi bir qədər də genişlənərək II kursları da əhatə edəcək. Yeni mexanizm növbəti tədris illərində mərhələli şəkildə sonrakı kurslara da şamil olunacaq.
Dövlət tələbəni maliyyələşdirməkdən imtina edə bilər
Ali təhsil müəssisələrinə qəbul üçün tətbiq olunan əvvəlki qaydalara görə, tələbə yüksək bal toplasa da, dövlət hesabına oxumaq üçün yalnız dövlət ali məktəblərini seçməli idi. Amma yeni qaydalarda tələbələr üçün seçim imkanları genişləndirilib. Yüksək bal toplayan və dövlət sifarişi ilə təhsil almaq hüququ qazanan abituriyentlər artıq bundan sonra özəl ali məktəbləri də seçə biləcəklər. Tələbələrin dövlət sifarişli yerlərdə təhsil xərclərinin maliyyələşdirilməsi onların bakalavriat və ya magistratura üçün nəzərdə tutulmuş təhsil müddəti qədər davam edəcək. Dövlət istisna hallarda sifarişli plan yerlərinin maliyyələşdirməsini müvəqqəti dayandıra bilər. Məsələn, tələbə həqiqi hərbi xidmətə çağırıldıqda, ailə vəziyyəti və səhhəti imkan vermədikdə dövlət maliyyələşdirməni 2 ildən çox olmayaraq, xaricdə təhsil aldıqda 1 il müddətinə, ali məktəblər arasında bağlanan müqavilələrə uyğun olaraq, tələbə xaricdə təhsil aldıqda isə, həmin müqavilədə göstərilən müddətə maliyyələşdirmə dayandırılacaq. Ancaq tələbə də dövlət sifarişli plan yerinə qəbul olunmaqla işini bitmiş hesab etməli deyil. Tələbə üzərinə düşən məsuliyyəti yerinə yetirməyərək, təhsilini davam etdirmədikdə, məktəbdən xaric edildikdə dövlət tələbəni maliyyələşdirməkdən imtina edəcək.
Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyevin APA-ya bildirdiyinə görə, dövlətin maliyyələşdirmədən imtina etməməsi üçün tələbə mütləq sessiyalar müddətində uğurlu nəticələr göstərməlidir. Əks halda, o, bu imkandan məhrum olacaq. Əvəzində isə həmin ixtisas üzrə təhsil alan, dövlət sifarişli yerdə oxumaq hüququ qazanan tələbədən sonra yüksək bal toplayan növbəti tələbə bu şansı qazanaraq dövlət sifarişli yerdə təhsil ala biləcək. Nazirlik rəsmisi deyir ki, təhsil müəssisələri keyfiyyətli təhsil xidmətləri təqdim etmədikdə, tələbələr həmin ali məktəblərdə oxumağa həvəs göstərməyəcək və o, daha yaxşı təhsil verən başqa ali məktəbə gedəcək. Nəticədə dövlət sifarişi əsasında tələbəyə ayrılan dövlət maliyyəsi də tələbənin ardınca həmin məktəbə “gedəcək”. Bu da ona gətirib çıxaracaq ki, aşağı keyfiyyətli təhsil müəssisələri dövlət sifarişindən və sonda dövlət maliyyəsindən məhrum olacaq. Ş. Əliyev hesab edir ki, bu mexanizm ali təhsil müəssisələrinin tələbələrə keyfiyyətli təhsil vermək cavabdehliyini artırmaqla yanaşı, dövlət vəsaitinin səmərəli istifadəsi təmin ediləcək, ali təhsildə rəqabət artacaq, tələbəyə ali məktəbi sərbəst seçmək imkanı yaradılacaq.
Bir tələbəyə 2800 manat
Dövlət sifarişli plan yerlərində təhsil almaq üçün tələbə ilə ali məktəb, məktəblə də TN arasında müqavilə imzalanacaq. Ş. Əliyevin sözlərinə görə, bu müqavilələr əsasında məktəblərdə dövlət sifarişli yerlərdə oxuyacaq tələblərin sayı müəyyənləşəcək. Nazirlik də tələbələrin sayına uyğun vəsait ayıracaq: “Nazirlik baza xərclərini saxlamaqla, ali məktəblərə əlavə vəsait verəcək. Biz bu gün yalnız I kurslarla ali məktəblərin maliyyə fəaliyyətini qura bilmərik. Üç ildən sonra artıq ali məktəbdə oxuyan 4 kursun bütün tələbələri məktəbə normativ məbləğ gətirəcək. O zaman da normativ məbləğ dəyişdirilə bilər. Ölkənin iqtisadi inkişaf tempindən asılı olaraq, dövlətin bir tələbəyə çəkəcəyi xərc artacaq, amma azalmayacaq”.
Qeyd edək ki, 2010-cu ilin proqnozuna görə, dövlət büdcəsi hesabına təhsil alan bir tələbəyə orta hesabla 2800 manatın xərclənməsi nəzərdə tutulur.
Ali məktəblərdə maliyyələşdirmə mexanizminə nəzarəti də Təhsil Nazirliyi digər aidiyyəti nazirliklərlə birgə həyata keçirəcək. Ş. Əliyev bildirir ki, hazırda ali məktəblərdə maliyyələşdirməyə nəzarət qaydaları hazırlanır. Bu qaydalar yeni dərs ilinin əvvəlinədək hazır olacaq.
Dövlət sifarişli yerlərə qəbul olunanların ali məktəblərdə gözlənilən nəticələri
Abituriyentlərə ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil almaq hüququ ali məktəblərə qəbul imtahanlarında qazanılan nəticələrdən asılı olaraq verilir. Bu hüququ qazanan abituriyentlər dövlət sifarişində iştirak edən məktəblərin seçimində sərbəstdirlər. Dövlət sifarişli plan yerlərinə qəbul isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən həyata keçirilir. TQDK sədri Məleykə Abbaszadənin sözlərinə görə, bu il bakalavriatura pilləsi üzrə ali məktəblərə 30 810 ümumi plan yeri ayrılıb ki, onun da 10 529-u (34%) dövlət sifarişli yerlərdir. Ən çox dövlət sifarişli yer I ixtisas qrupundadır. Bu il I ixtisas qrupuna 9639 plan yeri ayrılıb ki, onun da 4196-sı (43%) dövlət sifarişli yerlərdir. II ixtisas qrupu üzrə ayrılmış 7448 plan yerinin 2050-si (27,5%), III ixtisas qrupunun 9880 plan yerinin 2804-ü (28%), IV ixtisas qrupunun 3843 plan yerinin isə 1479-u (38%) dövlət sifarişli yerlərin payına düşür.
M. Abbaszadə bildirib ki, bu il dövlət sifarişli yerlərin ixtisas seçimində II ixtisas qrupu üzrə ümumi balı 400-dən, III və IV ixtisas qrupları üzrə ümumi balı 350-dən, I ixtisas qrupu üzrə ümumi balı isə 300-dən az olmayan abituriyentlər iştirak ediblər.
Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə bildirib ki, bu il ali məktəblərə yerləşdirmənin ilk mərhələsində ümumi planın 93,73, dövlət sifarişli plan yerlərinin isə demək olar ki, hamısı dolub. E. Nağızadənin sözlərinə görə, bu il dövlət sifarişli yerləri qazanmaq üçün abituriyentlər arasında II, IV qruplarda müsabiqə vəziyyəti yüksək olub. I və III qruplarda isə abituriyentlərin qəbul imtahanlarında göstərdiyi nəticə ilə əlaqədar ümumilikdə müsabiqə vəziyyəti həmin qruplarla müqayisədə qismən aşağı olduğu üçün dövlət sifarişli plan yerləri uğrunda müsabiqə vəziyyəti də elə yüksək olmayıb.
M. Abbaszadə hesab edir ki, bu il dövlət sifarişli yerlərə qəbul olunan abituriyentlərin hamısı ali məktəblərdə yüksək akademik nəticələr əldə etməyə qadir gənclərdir. Komissiya sədrinin fikrincə, onların hamısı ali məktəblərdə uğurla oxuya biləcək.
Kiçik özəl ali məktəblərin bağlanma təhlükəsi
Azərbaycanda dövlət qeydiyyatına alınan bütün ali məktəblərin maliyyələşdirmə mexanizmində iştirak etmək hüququ olsa da, bu il onların hamısı bu prosesə qatılmayıb, 15 ali məktəb bu mexanizmin tətbiqindən kənarda qalıb. 2010-2011-ci tədris ili üçün dövlət sifarişinin yerinə yetirilməsində ölkədə fəaliyyət göstərən 52 ali təhsil müəssisəsindən 29-u dövlət, 8-i isə özəl olmaqla, 37 məktəb iştirak edir. Ş. Əliyevin sözlərinə görə, bu prosesdə xüsusi təyinatlı və bir necə özəl ali məktəb iştirak etmir: “Özəl ali məktəblərin iştirak etməməsinin səbəbini biz də bilmirik. Yəqin onlar çəkinirlər ki, heç bir tələbə qazana bilməzlər, bu da onlar üçün pis göstərici olar. Onlar üçün pis göstərici elə budur ki, prosesə qatılmırlar. Növbəti tədris ilindən maliyyələşdirmə mexanizmində iştirak edən məktəblərin siyahısı genişlənə bilər. Ola bilər ki, akkreditasiyadan keçə bilmədiyi üçün bu il maliyyələşdirmədə iştirak edən bəzi özəl ali məktəblər gələn il iştirak edə bilməsin”. Ş. Əliyev deyir ki, növbəti tədris illərində dövlət sifarişli plan yerləri ilə bağlı dəyişiklər olacaq. Onun sözlərinə görə, nazirliyin akkreditasiya şöbəsi gələcəkdə hansısa ali məktəbdə hansısa ixtisas üzrə kadr hazırlığını dayandıra bilər. Onda TN da həmin sahə üzrə dövlət sifarişini dayandıracaq: “Ola bilər ki, hansısa ali məktəb dövlət sifarişi üzrə hansısa ixtisas üzrə kadr hazırlığı apara bilməsin. Onda biz görsək ki, tələbələr həmin ixtisaslar üzrə həmin ali məktəbləri seçmirlər, gələcəkdə həmin ali məktəbə həmin ixtisas üzrə dövlət sifarişini dayandıracağıq. Gələcəkdə ola bilər ki, kiçik ali məktəblər bağlansın. Bəzi ali məktəblərdə isə bəzi ixtisaslar üzrə kadr hazırlığı dayandırılsın”. Ş. Əliyevin sözlərinə görə, TN bu il yeni mexanizmin tətbiqində çox da radikal addım atmayıb. Belə ki, ali məktəblərdə dövlət hesabına hansı ixtisaslar üzrə kadr hazırlığı aparılırdısa, onların hamısı dövlət sifarişli plan yerlərinə daxil edilib və qəbul aparılıb. Amma gələcəkdə İqtisadi İnkişaf və əlaqədar nazirliklər, təşkilatlarla birgə əmək bazarının tələbatını müəyyənləşdirdikdən sonra müəyyən ixtisaslar üzrə dövlət sifarişi dayandırıla, yaxud başqa yeni ixtisas üzrə dövlət sifarişinə başlanıla bilər.
Əmək bazarı: analizlər, proqnozlar...
Yeri gəlmişkən qeyd edək ki, hazırda Azərbaycanın regionlarında və Bakının əmək bazarında müxtəlif ixtisaslara ehtiyac var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfov APA-ya bildirib ki, regionlarda müəllim və həkimlərə, aqrar sahə mütəxəssislərinə geniş ehtiyac duyulur. Bakıda isə ticarət, turizm üzrə mütəxəssislərə və menecerlərə böyük tələbat var. Ş. Xələfov hesab edir ki, ali məktəblər plan yerlərini tərtib edərkən İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırmalıdır. Çünki bu qurum tələbə təhsilini başa vurduqdan sonra onun ixtisasına ehtiyacın yaranıb-yaranmayacağını proqnozlaşdıra bilir. Əmək bazarının daha yaxşı öyrənilməsi üçün ƏƏSMN Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu ilə birgə analizlər də aparacaq. Ş. Xələfov deyir ki, hazırda bunun üçün qaydalar hazırlanır. Gələcəkdə bu analizlər əsasında Azərbaycanın əmək bazarında daha çox ehtiyac yaranan ixtisaslar müəyyənləşəcək.
Yeni mexanizmin riskləri
Yeni mexanizmin tətbiqini çox əhəmiyyətli sayan Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı hesab edir ki, özəl ali məktəblər bu mexanizm vasitəsilə dövlətdən maliyyə dəstəyi ala biləcəklər. Yüksək bilikli tələbələrin cəlbi üçün isə bu mexanizm əsl universitetlərarası bir yarış olacaq. Amma rektor belə hesab edir ki, bu ilki mexanizm yeni olduğu üçün tam təkmilləşməyib: “Ona görə də bir az risk elementləri də var. Çünki builki mexanizmə görə, tələbələr dövlətdən çox az pul alıb ali məktəbə daxil ola bilərlər. Bu da özəl ali məktəblərin büdcəsinə müəyyən qədər ziyan vura bilər. Ümumilikdə isə bu, proqressiv məsələdir. Payızda bu mexanizmə yenidən baxılması və təkmilləşdirilməsi nəzərdə tutulur”. H. İsaxanlı deyir ki, bu mexanizmin tətbiqi ilə bağlı dünyada müxtəlif modellər var. Bu modellərdən hər hansı birini təkmilləşdirmək və digər modellərdən nümunələr götürməklə, Azərbaycan öz mexanizmini təkmilləşdirə bilər: “Təkliflərdən biri bu ola bilər ki, tələbə təhsil haqqının bir hissəsini dövlət hesabına, çatışmayan hissəsini isə özü ödəsin. Bu, dünyada ən çox istifadə olunan metoddur. Başqa versiyalar da var”.
Ş. Əliyev isə belə hesab edir ki, TN yeni tədris ilində bu sahədə daha çox radikal addımların atılmasının tərəfdarı deyil. Çünki bu mexanizm ilk dəfə həyata keçirildiyi üçün qarşıya çıxa biləcək problemləri və riskləri nəzərə almaq, yeni qaydaları əsaslandırılmış şəkildə tədricən həyata keçirmək lazımdır: “Yeni maliyyələşdirmə mexanizmi elə qurulmalıdır ki, ali məktəblər arasında dövlət sifarişi uğrunda sağlam rəqabət yaransın. Bu mexanizmin tətbiqi zamanı əsas fikir dövlət sifarişi üzrə və ödənişli əsaslarla tələbə qəbulunun sayı arasında mütənasibliyin gözlənilməsinə verilməlidir. Mütənasiblik gözlənilməzsə, aşağı keyfiyyətli ali məktəblər dövlət sifarişinin yerinə yetirilməsində iştirak etməsə də, ödənişli təhsil üzrə daha çox tələbə əldə edərək iqtisadi cəhətdən üstün vəziyyətə nail ola bilər. Buna görə də onlar dövlət sifarişinin yerinə yetirilməsində iştirak etməyə can atmazlar. Yeni mexanizm ali məktəbi tələbə və maliyyə vəsaiti qazanmaq üçün daim təhsilin keyfiyyətini artırmağa vadar etməlidir. Bu səbəbdən TN təklif edir ki, ali məktəblərin müvafiq ixtisaslarına tələbələrin yerləşdirilməsi dövlət sifarişi ilə qəbul olunmuş tələbələrin sayına görə müəyyənləşdirilməlidir. Yəni bu və ya digər ali məktəbin müvafiq ixtisasına dövlət sifarişi üzrə tələbə qəbulu nə qədər çox olarsa, ödənişli qəbulun sayı da bu saya mütənasib olaraq çox olmalıdır”.
Ş. Əliyevin fikrincə, yeni qaydaların tətbiqi üçün çevikliyi təmin edəcək yeni və daha sadə mexanizmlərin və normativ-hüquqi aktların işlənib hazırlanması vacibdir. APA
DOSTLARINLA PAYLAŞ: