Azərbaycanda bələdiyyə ali məktəbləri yaradılacaq
25 Yanvar 2011 Çərşənbə Axşamı 17:10
Ali təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.
Azərbaycanda "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi" təsdiq edilib. ANS PRESS Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, ali təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir. Ali təhsil müəssisələrində təhsil alanların geyim forması hər bir təhsil müəssisəsinin öz nizamnaməsi ilə müəyyən olunur.

Təhsil qanunvericiliyinə əsasən ali təhsil müəssisələrinin aşağıdakı növləri müəyyən edilir:

- universitetlər;
- akademiyalar;
- konservatoriyalar;
- institutlar və s.

Universitet - ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssislər hazırlığını, əlavə təhsil proqramlarını həyata keçirən fundamental və tətbiqi elmi tədqiqatlar aparan çoxprofilli aparıcı ali təhsil müəssisəsidir.

Akademiya - müəyyən sahə üzrə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsidir.

İnstitut (ali məktəb) - müstəqil və ya universitetlərin struktur bölməsi olaraq, konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsidir.

Konservatoriya - musiqi sahəsi üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlayan ali təhsil müəssisəsidir.
Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələri fəaliyyət göstərir.

Bələdiyyə və özəl ali təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr və təsisçilər tərəfindən həyata keçirilir. Bələdiyyə və özəl təhsil müəssisələrinin nizamnamələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəyi əsasında təsisçilər tərəfindən təsdiq edilir.

Azərbaycan Respublikasında hər bir ali təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyindən xüsusi razılıq (lisenziya) almalıdır. Dövlət ali təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) müddətsiz verilir. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilmiş bələdiyyə və özəl ali təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) beş il müddətinə verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş ali təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) üç il müddətinə verilir.

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər və elmi-pedaqoji kadr hazırlığı üç səviyyədən ibarətdir:

- bakalavriat (tibb təhsili istisna olmaqla);
- magistratura (tibb təhsili istisna olmaqla);
- doktorantura.

Tibb təhsili isə əsas təhsilə və rezidenturaya ayrılır. Tibb təhsili təhsil proqramları üzrə ali təhsili başa vuranlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə-ixtisas dərəcələri verilir. Tibb təhsili üzrə əsas təhsil proqramlarının təhsil müddəti 5-6, rezidenturada isə 2-5 ildir. Bu müddət ayrı-ayrı ixtisasların (ixtisaslaşmaların) təhsil proqramları ilə müəyyənləşdirilir.

Ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir:

- əyani;
- qiyabi;
- distant (məsafədən);
- sərbəst (eksternat).

Dövlət mülkiyyətində olan ali təhsil müəssisəsinin özəlləşdirilməsi qadağandır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar