Azərbaycanda 7 bağça müdiri işdən çıxarılıb
01 Oktyabr 2012 Bazar Ertəsi 16:50
Onlar uşaqların ərzaq təminatında yol verdikləri nöqsanlara görə vəzifələrindən azad olublar.
Məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinə nəzarət Bakı İcra Hakimiyyətinin tabeliyinə veriləndən indiyədək 7 bağça müdiri işdən çıxarılıb, 16 bağça müdirinə isə şiddətli töhmət verilib. Cəzalandırılan bağça müdirləri uşaqların ərzaq təminatında yol verdikləri nöqsanlara görə vəzifələrindən azad olublar.

Məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan azyaşlıların yüksək keyfiyyətli ərzaq məhsulları ilə təminatı idarənin fəaliyyətində əsas prioritet kimi qəbul edilib. Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti il əlaqə saxladıq. İcra Hakimiyyətindən məlumatı təsdiqlədilər və qeyd etdilər ki, bu cür tədbirlər davam etdiriləcək. Əgər kimsə yenidən bu cür nöqsanlara yol verərsə onlar haqqında müvafiq tədbir görüləcək. Gələn aydan isə Bakıda bağça müdirləri və tərbiyəçilərin ixtisasartırma kurslarina cəlb olunmasına başlanacaq.

Artıq bunun uçun muvafiq siyahılar tərtib olunub, Bakı Pedaqoji Kadrlarin İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, eləcə də Azərbaycan Müəllimlər İnstitutu ilə danışıqlar aparılıb. İlkin olaraq Bakının məktəbəqədər təhsil müəssisələrində çalışan 300 pedaqoji işçi ixtisasartırma kurslarına cəlb olunub. Məsələ ilə əlaqədar bir neçə bağçaya baş çəkdik. Amma təəssüf ki, məktəbəqədər təhsil müəssisələrinin heç birində çəkilişə imkan vermədilər.

Eyni vəziyyətlə 157 saylı bağçada da qarşılaşdıq. Bizi görən kimi qapını üzümüzə bağladılar və müdirin işdə olmadığını söylədilər. 33 saylı bağçada da eyni aqibəti yaşadıq. Burada qapını ümumiyyətlə açan olmadı, sadəcə içəridən bildirdilər ki müdir işdə deyil. Yasamal rayonunda da bir neçə bağçaya baş çəkdik. Bu dəfə isə bir qədər fərqli aqibətlə qarşılaşdıq. Qapını üzümüzə müdirin özü açdı. Lakin müdir əgər rəhbərlik icazə verərsə o zaman çəkilişə icazə verə bilərik dedi.

Xatırladaq ki Məktəbəqədər Uşaq Müəssisələri və Uşaq Evləri İdarəsi əvvəllər Təhsil Nazirliyinin nəzdində olanda bağçalarda çəkiliş aparmaq və uşaqların vəziyyəti ilə maraqlanmaq biz media rümayəndələri üçün daha asan olurdu. Lakin İcra Hakimiyyətinin tabeliyinə keçəndən sonra bağçaların qapısına yaxınlaşmaq belə qeyri-mümkün hala çevrilib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar