Azərbaycanda 1-ci sinif dərslikləri tam yenilənib
17 Avqust 2012 Cümə 12:39
Qarşıdan gələn dərs ili üçün Azərbaycanda çap olunacaq yeni dərslik nüsxələrinin sayı 4 milyondan çox olacaq.
APA-nın məlumatına görə, bunu təhsil nazirinin müavini Qulu Novruzov YAP-ın saytına müsahibəsində deyib. Nazir müavini bildirib ki, çap olunacaq 4 milyondan çox nüsxənin 2 milyonu I-V siniflərə aid olan dərsliklərdir: “Artıq Azərbaycanda beşinci ildir ki, yeni kurrikulumla dərsliklər hazırlanır. Bu o deməkdir ki, 4 il əvvəl Azərbaycanda məktəbə gedən şagirdlər yeni kurrikulum əsasında hazırlanmış dərsliklərlə təmin olunmuşdular. Artıq qaydalara uyğun olaraq 4 ildən sonra 1-ci siniflərin dərslikləri tam yenidən çap olunmalıdır”.
Q. Novruzovun sözlərinə görə, yeni kurrikulum əsasında yenidən çap olunan 1-ci sinif dərslikləri tamamilə yeni məzmunda olacaq: “Bu il I sinfə gedən uşaqlar məzmunca və keyfiyyətcə tamamilə yeni dərsliklərlə təmin olunacaqlar. O cümlədən, 5-ci sinif şagirdləri ilk dəfə olaraq yeni kurrikulum əsasında hazırlanmış dərsliklərlə təmin ediləcəklər. Dərsliklərin çap olunması sahəsində əsas işlər görülüb və yeni dərs ili başlayana qədər dərsliklər tam olaraq məktəblərə çatdırılacaq”.
DOSTLARINLA PAYLAŞ: