Azərbaycanca-rusca izahlı hüquq lüğəti kitabı çap olunub
22 Fevral 2012 Çərşənbə 16:24
Azərbaycan Ali Məhkəməsinin təşəbbüsü ilə “Azərbaycanca-rusca izahlı hüquq lüğəti” kitabı çap olunub.
Məhkəmənin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, kitab hüquqşünaslar, iqtisadi, strukturlarda çalışanlar, maliyyəçilər, tərcüməçilər, alimlər, hüquq və beynəlxalq hüquq fakültələrinin müəllim və tələbə heyəti, xüsusi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar və geniş oxucu dairəsi üçün nəzərdə tutulub. Lüğət məhkəmə işçilərinin, biznesin müxtəlif sahələri, hüquq sistemləri, təşkilatları ilə işgüzar əlaqələr quran müasir istifadəçilərin tələbinə uyğun, işgüzar məktubların, sorğuların, sənədlərin, etirazların, ərizələrin, bank sənədlərinin hazırlanması ilə bağlı əmələ gələn üslub çətinliklərinin aradan qaldırılmasına kömək məqsədilə tərtib olunub. Lüğət hazırlanarkən müxtəlif ölkələrin hüquq sistemindəki təcrübədən qaynaqlanan termin və ifadələrə Azərbaycan dilində ekvivalentlərin seçilməsi əsas prinsip kimi götürülüb.
Lüğətə eyni zamanda ayrıca xarici dillərdən alınmış və rus dilində uyğun anlayışların ekvivalenti rolunda çıxış edən terminlər də daxil edilib. Buraya həm də latın və yunan dillərindən qaynaqlanan sözlər və başqa əcnəbi dillərin – alman, fransız, ingilis dillərinin hüquq terminologiyası da daxildir.
“Azərbaycanca-rusca izahlı hüquq lüğəti” kitabında on səkkiz minə qədər söz və söz birləşməsinin izahı verilib.
DOSTLARINLA PAYLAŞ: