Azərbaycan tələbələrindən ermənilərə dərs
06 May 2011 Cümə 13:19
Azərbaycan Tələbələr Birliyinin səyi nəticəsində Ermənistan Milli Tələbələr Assosasiyası Avropa Tələbələr Birliyinə qəbul edilməyib.
Bu günlərdə Estoniyanın paytaxtı Tallin şəhərində Avropa Tələbələr Birliyinin 60-cı İdarə Heyətinin İclası keçirilməkdədir. İclasa 38 ölkədən 45 milli tələbələr birliyinin 100-ə yaxın nümayəndəsi qatılıb. İdarə Heyətinin iclası ilə yanaşı 2-4 may tarixlərində tələbə birliklərinin iştirakı ilə ali təhsilin maliyyələşdirilməsi mövzusunda seminarlar təşkil olunub. Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov hər iki tədbirdə iştirak edib.
Azərbaycan Tələbələr Birliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ali təhsillə bağlı keçirilən seminarda ali təhsildə sosial aspektlər, tələbə hüquqları, ali təhsildə gender və s. mövzular ətrafında müzakirələr keçirilib. Müzakirələrə beynəlxalq təşkilatların nümayəndələri də qonaq və ekspert qismində qatılıb. İdarə Heyətinin iclasında isə Avropa Tələbələr Birliyinin sədri, sədr müavini vəzifəsinə və akademik komitəyə seçkilər keçirilib.
Bundan başqa Avropa Tələbələr Birliyinə yeni üzvlərin qəbul edilməsi də müzakirə olunan məsələlərdən olub. İdarə Heyətinin İclasının ilk günü Ermənistan Milli Tələbələr Assosiasiyasının üzvlük məsələsi müzakirə edilib. Azərbaycan Tələbələr Birliyinin rəhbəri Elvin Aslanovun Avropa Tələbələr Birliyi və digər üzvlərin nəzərinə Ermənistandakı vəziyyət, Dağlıq Qarabağ münaqişəsi və digər faktları bir daha çatdırıb və bunun nəticəsində səsvermə ilə Ermənistan Milli Tələbələr Assosasiyası Avropa Tələbələr Birliyinə qəbul edilməyib.
Həmçinin, Elvin Aslanovun Avropa Tələbələr Birliyinin yeni nəşr edilmiş “No student left out” adlı kitabında Azərbaycandakı tələbə hüquqlarının təcrübəsi, ATB-nin bu sahədə həyata keçirdiyi “Azərbaycanda tələbə hüquqlarının təbliği” layihəsi və bu sahədə Azərbaycan təcrübəsi barədə məqaləsi də dərc olunub.
İdarə Heyətinin iclası zamanı Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov bir neçə ölkənin milli tələbələr birliklərinin nümayəndələri ilə də əməkdaşlıqların qurulması ilə bağlı mühüm müzakirələr keçirb və gələcək fəaliyyətlər üçün qərarlar alıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: