Azərbaycan Təhsil Nazirliyi Bakı Ali Neft Məktəbinə lisenziya verib
12 İyun 2012 Çərşənbə Axşamı 14:12
Ali məktəbə 1-ci ixtisas qrupuna aid olan “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə hər birinə 50 nəfər olmaqla tələbə qəbulu elan edilib.
Təhsil naziri Misir Mərdanovun əmrinə əsasən, Bakı Ali Neft Məktəbinə kadr hazırlığı aparmaq üçün icazə (lisenziya) verilib.
Bu barədə APA-ya Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib. Rektorun sözlərinə görə, 2012-ci ildə ali məktəbə 1-ci ixtisas qrupuna aid olan “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə hər birinə 50 nəfər olmaqla tələbə qəbulu elan edilib.
E. Qasımov bildirib ki, mütəxəssis hazırlığı beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmış tədris proqramları əsasında Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Qeyd edək ki, Bakı Ali Neft Məktəbi ölkə başçısının 29 noyabr 2011-ci il tarixli fərmanı ilə Azərbaycan Dövlət Neft Şirkətinin strukturunda yaradılmış dövlət ali təhsil müəssisəsidir. Məktəbin nizamnaməsi 2012-ci il fevral ayının 29-da Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib.
Ali məktəbdə təhsil 5 illik və ödənişsizdir. Məktəbə tələbə qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir. Tələbələrə 1-ci tədris ilində “İngilis dili” və “Kompyuter və informasiya-kommunikasiya texnologiyaları” fənləri tədris ediləcək, sonrakı 4 il ərzində isə onlar ingilis dilində müasir tədris texnologiyalarının tətbiqi ilə ixtisas təhsili alacaqlar.
Məzunlara hər iki ali təhsil müəssisəsinin diplomları veriləcək, onlar Neft Şirkətinin ölkədəki və xaricdəki müəssisələrində zəmanətli və yüksək əməkhaqlı işlə təmin olunacaq, təhsildə fərqlənənlər gələcəkdə magistraturada və doktoranturada təhsillərini davam etdirmək imkanları əldə edəcəklər.
DOSTLARINLA PAYLAŞ: