Azərbaycan elmi uçurumun kənarındadır
26 Sentyabr 2009 Şənbə 21:40
Milli Elmlər Akademiyasının mötəbər kürsülərində əyləşən yaşlı alimlər elmin qocalmasına rəvac verir
Azərbaycan elmi uçurumun kənarındadır. Yox, bu nə pafoslu xəbər başlığı, nə də ki həddini aşan tənqiddir. Bu, bir faktdır. Faktın qarşısında isə hətta dəmir belə tükdən incədir. Qocalan elmimiz sonsuzluq xəstəliyinə düçar olub yoxsa, gənclərə inam yoxdur? ANS TV-nin əməkdaşı elmsizlik zülmətinə işıq tutmağa çalışıb.

Elm zamanın tələbi ilə ayaqlaşmayanda geridə millət qalır. Zaman dəyişsə də çox təəssüf ki, bunu elmin səviyyəsinə heç də asanlıqla aid etmək olmur. Hazırda elmin beşiyini gənclərdən çox yaşlı alimlər yırğalayır ki, nəticədə elmi göstəricilərimiz beşikdəcə boğulmağa doğru gedir.

Belə ki, Milli Elmlər Akademiyasının mötəbər kürsülərində yaşlı alimlər əyləşiblər ki, bu da elmin qocalmasına rəvac verir. Nəzərə alsaq ki, müxbir üzvün məvacibi professordan 5 dəfə artıq, yəni 1000 manat edir, onda bu vəzifələri tərk etmək heç kimin ürəyincə olmaz. Amma araşdırmalar zamanı, elə akademiyanın prezidenti səviyyəsində səslənən etiraflardan da məlum olur ki, bu məvacibdən və vəzifələrdən bəhrələnlər əsasən 50-70 yaş arasında olan alimlərdir ki, artıq onlar yeni ideyalar irəli sürməkdən çox, gəncələrin yolunda maneə çevriliblər. 20 il əvvəl elmlər namizədlərinin orta yaşı 35-40 idisə, indi bu göstərici 50-yə çatıb. elmi doktorların orta yaş həddi isə 60-70 arasında qərarlaşır. AMEA-nın müxbir üzvü Ramiz Məmmədov bildirir ki, yaşlı insanlar elmi işçi kimi qalmamalıdır.

Elmin qocalması bir tərəfdən bu faktla izah olunursa, digər tərəfdən gənclərin elmə meylinin azlığı ilə əlaqələndirilir ki, bu da iqtisadi amillərdən qaynaqlanır. Yəni elmi işçilərin orta aylıq maaşları hazırda 150 manatdan aşağıdır ki, bu da gənc alimlərin elmdən kənar işlərlə məşğuliyyətə sürükləyir. Bu da onların elmə faydalarını yox dərəcəsinə endirir. Elə Milli Elmlər Akademiyasının prezidenti də təsdiqləyir ki, son 5 il ərzində müdafiə olunmuş dissertaisiların 30 faizi pulla yazılır. Namizədlik dissertasiyasının yazılmasının orta qiyməti 2500-3000 manat, doktorluq dissertasiyasının qiyməti isə 5000 manatdır. Ən acınacaqlısı isə odur ki, elmi dərəcələri alanların böyük bir hissəsi dövlət məmurları, iş adamlarından ibarətdir ki, burada da adlar ancaq nüfuza xidmət edir.

Bütün bunlar isə Azərbaycan elminin beynləxalq reytinq pilləsində aşağı yerdə qərarlaşmasına gətirib çıxarır. AMEA-nın müxbir üzvü Ramiz Məmmədov bildirir ki, elmi odktorların çoxunu beynəlxalq fondlar tanımır. Ekspertlər hesab edirlər ki, elmin ayağa qalxması və neqativ halların aradan qaldırılması üçün ilk növbədə buraya ən azı ümumdaxili məhsulun 2 faizi həcmində maliyyə vəsaiti ayrılmalıdır. Elmin özünü maliyyələşdirməsi isə Azərbaycanda hələ də özünə yol aça bilmir.

«Bu işin güclü innovasiya siyasəti olmalıdır, dövlətin güclü sənayesi olmalıdır. Elə tətbiq sahələri olmalıdır ki, alimlər tətbiq edə bilsinlər, əlavə pul qazana bilsinlər. Bu, bizdə zəifdir. Sahibkarlar o qədər də elmə maraq göstərmirlər, elə elm tutumlu biznesləri də yoxdur. Bu, olsa elmi işləri tətbiq edib pul qazana bilərlər»,- deyə Mahmud Kərimov bildirir.

İndi bütün ümid və dirçəliş ehtimalları Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq Elm Haqqında Qanunun qəbuluna yönəlib. Elm isə ehtimalı yox, dəqiqliyi sevir.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar