Azərbaycan Dillər Universitetində I kurs tələbələri ilə görüş keçirilib
15 Sentyabr 2011 Cümə Axşamı 12:04
Azərbaycan Dillər Universitetində I kurs tələbələri ilə görüş keçirilib
Bakı-APA. Azərbaycan Dillər Universitetində (ADU) “Bilik günü” münasibətilə universitetin rektoru, millət vəkili, professor Səməd Seyidov I kurs tələbələri ilə görüşüb. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ADU-nun akt zalında keçirilən görüş Azərbaycanın Dövlət Himni ilə başlayıb. Sonra rektor Səməd Seyidov Bilik günü münasibətilə professor – müəllim heyətini, tələbələri təbrik edib, Azərbaycan Dillər Universitetinə daxil olan tələbələrə uğurlar arzulayıb. Rəhbərlik etdiyi ali təhsil ocağının yaranması tarixindən, universitetdə fəaliyyət göstərən fakültə və mərkəzlər haqqında məlumat verən rektor bildirib ki, universitetin əsas fəaliyyəti Azərbaycanı dünyaya, dünyanı isə Azərbaycana gətirməkdir: “Bu şərəfli məsələ bu gün məhz elə buradan – akt zalından başlayır. Gəncliyimiz daha ağıllı, daha mübariz və daha da qüdrətlidir. ADU-nu seçməklə siz düzgün yolda olduğunuzu sübut etmisiniz”.
Dövlət rəhbərliyi səviyyəsində təhsilə, gəncliyə, xüsusi qayğının olmasından danışan rektor S. Seyidov bildirdi ki, məhz bu qayğının nəticəsində də ADU-da vacib islahatların aparıldığını dilə gətirib. Bolonya prosesi haqqında da danışan rektor bir çox tələbələrin öz təhsillərini xarici ölkələrin ali təhsil müəssisələrində davam etdirdiklərini nəzərə çatdırıb. Hər bir tələbənin öz qarşısına məqsəd qoymasının vacibliyindən danışan rektor bununla yanaşı, əsl vətəndaş olmağın vacibliyini vurğulayıb: “Sizdən bir məsələ tələb olunur: Oxumaq, təhsil almaq və öz vətəndaş mövqeyinizi ortaya qoymaq. Təhsil almağın bir çox çətinlikləri var. Bu çətinliyi dəf edən şəxs gələcəkdə yüksək tribunalardan çıxış edəcək və onu hər yerdə dinləyəcəklər. Mənəvi dəyərləri qorumaqla, yüksək savada malik olmaqla işğal altında qalan Qarabağ torpaqlarını azad edib Azərbaycanın bayrağını qaldırmalıyıq”.
Təhsillə elmin yanaşı addımladığını diqqətə çatdıran rektor S. Seyidov tələbələri fəal olmağa, elmi məqalələr yazmağa və universitetin Tələbə Elmi Cəmiyyətinin işində yaxından iştirak etməyə çağırıb. Çıxışının sonunda rektor bir daha I kurs tələbələrinə uğurlar arzulayıb və universitet rəhbərliyini onlara təqdim edib.
Sonra yüksək balla ADU-nun Tərcümə fakültəsinə daxil olan Nigar Məmmədova tələbə yoldaşlarına uğurlar arzulayıb və yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.
Daha sonra yüksək balla universitetə daxil olmuş tələbələrə tələbə biletləri və qiymət kitabçaları təqdim edilib. Qeyd edək ki, 2011-2012-ci tədris ilində ADU-ya 1000-dən çox tələbə daxil olub.
DOSTLARINLA PAYLAŞ: