Attestat imtahanının cavabları niyə gecikir?
22 İyun 2011 Çərşənbə 15:30
Attestat imtahanının cavabları niyə gecikir? Nazirlikdə suala cavab verən tapılmır.
Təhsil Nazirliyi iyunun 16-da Azərbaycanın rayonlarında orta məktəblərin XI sinif şagirdləri üçün tam orta təhsil haqqında sənəd, yəni attestat almaqla bağlı və IX siniflərdə ümumi orta təhsil səviyyəsi üzrə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. Nazirlik iyunun 17-də Bakıda XI sinif şagirdləri üçün attestat, iyunun 18-də isə paytaxtın IX siniflərində ümumi orta təhsil səviyyəsi üzrə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
Bu imtahanların nəticəsi bu həftənin əvvəlində Təhsil Nazirliyinin saytında yerləşdirilməli olsa da, hələ də xəbər yoxdur. Lent.az məsələni araşdırmağa çalışıb. Təhsil Nazirliyinin aparat rəhbəri İlham Pirməmmədov mobil telefonunu açmayıb, mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadənin isə mobil telefonu bağlı olub. Mətbuat xidmətinin əməkdaşları isə cavabların nə üçün gecikməsi ilə bağlı sualı cavablandırmaqda çətinlik çəkib və suallarımızı nazirliyin monitorinq və qiymətləndirmə şöbəsinə ünvanlamağı məsləhət görüblər. Ancaq nazirliyin bu şöbəsindən də suallara cavab almaq mümkün olmayıb. Şöbənin əməkdaşları telefon zənglərinə cavab verməyiblər.
Xatırladaq ki, XI siniflər üzrə keçirilən buraxılış imtahanlarında sualların ümumi sayı dəyişməsə də, ayrı-ayrı fənlər üzrə dəyişikliklər edilib. Ana dili və riyaziyyat fənləri üzrə suallar 25-dən 21-ə qədər azaldılıb, təbiət fənləri üzrə (kimya, biologiya, fizika, coğrafiya) suallar 10-dan 12-yə qədər artırılıb. Tarix və xarici dil fənləri üzrə sualların sayı isə (15) dəyişilməz qalıb. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında istifadə olunacaq test kitabçaları 18 variantda hazırlanıb ki, bu da sinifdə hər şagirdə bir variant deməkdir.
IX siniflərə gəlincə, şagirdlərə ana dili və riyaziyyat fənlərinin hərəsindən 25 sual olmaqla 50 sual verilib. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında istifadə olunacaq test kitabçaları 12 variantda hazırlanıb. Hər bir fənn üzrə sualların 20 faizdən 50 faizə qədərinə düzgün cavab verən şagird “3”, 50 faizdən 80 faizə qədərinə düzgün cavab verən şagird “4’, 80 faizdən yuxarı düzgün cavab verən şagird isə “5’ ilə qiymətləndirilməlidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: