ARDNŞ xaricdə təhsil alacaq gənclərlə müsahibə keçirib
11 Avqust 2011 Cümə Axşamı 11:37
Xaricdə təhsil almaq üçün müraciət edən 34 nəfərdən 28-nə müsbət cavab verilib
İstedadlı və perspektivli gənclərin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vəsaiti hesabına xarici ölkələrin aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədilə qurumun Təqaüd Proqramı çərçivəsində həyata keçirilən işlər uğurla davam etdirilir. ANS PRESS-in ARDNŞ-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu Proqram hər il təhsildə biliyilə fərqlənən gənclərin xarici ölkədə bakalavr və magistr pilləsi üzrə təhsil almasına geniş imkanlar açır.
Avqustun 10-da xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı müsabiqə komissiyasının növbəti iclası olub. İclasda xarici universitetlərə qəbul olunan və ARDNŞ-nin Təqaüd Proqramında iştirak etmək üçün müraciət edən gənclərlə müsahibə keçirilib. İclasda çıxış edən ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov bildirib ki, artıq komissiyanın iyulun 26-da keçirilən iclasında xaricdə təhsil almaq üçün müraciət edən 34 nəfərdən 28-nə müsbət cavab verilib.
Bu dəfə xaricdə təhsil almaq üçün komissiyaya müraciət edən iddiaçı tələbələrin sayı 43 nəfərdir. Xarici universitetlərə qəbul olunan tələbələrdən 12-si bakalavr, 31 nəfəri isə magistr pilləsi üzrə təhsil almaq məqsədilə ARDNŞ-nin Təqaüd Proqramına müraciət edib. Onlardan 15-i iqtisadiyyat ixtisasları, 6-sı mühəndislik, 6-sı hüquq, 9-u avtomatika və İKT, 6 nəfəri insan resurslarının idarəedilməsi ixtisasları üzrə müraciət edənlərdir. Tələbələr seçdikləri ixtisas və ali təhsil ocaqları barədə ARDNŞ-nin Müsabiqə Komissiyasının üzvlərinə ətraflı məlumat veriblər. Bütün iddiaçılar dinlənildikdən sonra komissiyanın yekun qərarı elan ediləcək.
Qeyd edək ki, həmçinin tədbirdə Təqaüd Proqramı çərçivəsində ABŞ-nın Oreqon Universitetində “Sənaye mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili alan ARDNŞ təqaüdçüsü Fərid Abbasov təqdimatla çıxış edib. F.Abbasov təhsil müddətində qazandığı bilik və təcrübə haqqında danışıb, diplom işi haqqında komissiya üzvlərinə ətraflı məlumat verib.
DOSTLARINLA PAYLAŞ: