ARDNŞ-də işə qəbul prosedurları avtomatlaşdırılıb
27 Avqust 2011 Şənbə 21:32
Xalik Məmmədov: “ARDNŞ-ə işə qəbul yalnız elan olunmuş vakant yerlər üzrə müraciət edən vətəndaşların bilik-bacarığı yoxlanılmaq şərti ilə həyata keçirilir”.
Bu gün Dövlət Neft Şirkətinin (ARDNŞ) Baş ofisində kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədovun sədrliyi ilə Şirkətin idarə və müəssisələrinə işə qəbul üzrə prosedur qaydalarının müzakirəsinə həsr olunmuş seminar-müşavirə keçirilib. ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müşavirədə ARDNŞ-nin idarə və müəssisə rəhbərləri, kadr xidmətlərinin rəisləri və İnsan Resursları Departamentinin əməkdaşları iştirak ediblər.
X. Məmmədov xatırladıb ki, bu ilin aprelində kadrların seçilməsi, işə qəbul olunması, daha səmərəli yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması və insan resurslarının idarə edilməsi üzrə işlərin təkmilləşdirilməsi məqsədilə ARDNŞ-də İnsan Resursları Departamentinin yaradılıb. O bildirib ki, bu addım Şirkətdə işə qəbul prosesində subyektiv faktorların aradan qaldırılmasının təmin olunmasına xidmət edir: “ARDNŞ-ə işə qəbul yalnız və yalnız İnsan Resursları Departamenti tərəfindən elan olunmuş vakant yerlər üzrə müraciət edən vətəndaşların bilik-bacarığı yoxlanılmaq şərti ilə həyata keçirilir və bu işdə həlledici rolu iddiaçıların peşə keyfiyyəti oynayır”.
Ötən müddətdə departament tərəfindən böyük iş görüldüyü söylənilib və qeyd edilib ki, ARDNŞ-nin “İnsan resurslarının idarəedilməsi siyasəti” sənədi hazırlanaraq təsdiq olunub, departamentin fəaliyyətində rəhbər tutulacaq standartlar müəyyənləşdirilib. ARDNŞ-də işə qəbul prosedurları avtomatlaşdırılıb, bunların həyata keçirilməsi üçün dünya standartlarına cavab verən proqram təminatı hazırlanıb və testdən keçirilib.
İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli ARDNŞ üzrə işə qəbul qaydaları haqqında təqdimatla çıxış edib. Təqdimatda Şirkətin idarə və müəssisələrində vakant yerlərin elan olunması üçün hazırlanmış vakansiyanın təsviri forması və vakant yerlərə işə qəbul üzrə müsabiqədə iştirak etmək istəyən namizədlər tərəfindən doldurulan elektron müraciət formalarının proqram təminatları nümayiş etdirilib. Tədbirin sonunda məsələ ilə bağlı işəgötürənlərin fikir və təklifləri dinlənilib. Prosedur qaydaları həmin fikir və təkliflər nəzərə alınmaqla sentyabr ayında qüvvəyə minəcək. anspress
DOSTLARINLA PAYLAŞ: