Araz Ağalarov adada universitet şəhərciyi inşa edib
22 Noyabr 2011 Çərşənbə Axşamı 18:34
Araz Ağalarov adada universitet şəhərciyi inşa edib. Layihənin dünyada analoqu yoxdur.
Gələn il Rusiyada ATES (Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu) təşkilatının sammitinin keçirilməsi ilə əlaqədar Vladivostokun Russkiy adasında yeni universitet şəhərciyinin tikintisinə həsr olunan mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, mətbuat konfransında Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Roman Panov və tikinti işlərinin baş podratçısı, “Krokus İnterneşnl” QSC-nin sədri Araz Ağalarov iştirak ediblər.

A.Ağalarov layihə barədə ətraflı məlumat verərək bildirib ki, əhatə dairəsinə və miqyasına görə bu layihənin dünyada analoqu yoxdur. Onun sözlərinə görə, bu iddialı layihənin həyata keçirilməsi ona 2009-cu ildə Rusiya hökuməti tərəfindən tapşırılıb. O, universitet şəhərciyinin açılışının ATES-in sammiti ilə bir vaxta düşəcəyini söyləyib. Adada tikinti işlərini aparmaq təklifinin onun üçün bir qədər gözlənilməz olduğunu söyləyən A.Ağalarov bu layihənin çox məsuliyyətli iş olduğunu bildirib: Biz orada işə başlayanda adada heç nə yox idi. İqlim şəraitinin sərt olması da işi çətinləşdirirdi. Lakin bu gün adada görüləcək işlərin əksər hissəsi uğurla başa çatdırılıb”.

A.Ağalarov bildirib ki, ümumi sahəsi 900 min kv. metr olan Uzaq Şərq Federal Universitetinin binalar kompleksi unikal təbii landşafta malik olan 250 hektarlıq ərazidə yerləşir: “Artıq 2012-ci ilin payızında ilk tələbələri qəbul etməyə hazır olacaq universitet Rusiyanın və bütövlükdə Asiya-Sakit Okean regionunun mühüm beynəlxalq elmi-tədris mərkəzinə çevriləcək”.

Rusiya iqtisadi inkişaf nazirinin müavini Roman Panov universitetin və müvafiq infrastruktur obyektlərinin tikintisinin “2013-cü ilə qədər Uzaq Şərqin və Zabaykalyenin iqtisadi və sosial inkişafı” Məqsədli Federal Proqramında nəzərdə tutulduğunu söyləyib. “Vladivostokun Asiya-Sakit okean regionunda beynəlxalq əməkdaşlıq mərkəzi kimi inkişafı” altproqramı da həmin Federal Proqramın tərkib hissəsidir. Adada görülən işlərdən danışan nazir müavini burada 120 km uzunluğunda yol çəkildiyini söyləyib: “Artıq şəhərciyin 97%-i kommunikasiya xətləri ilə təmin olunub. Aerovağzal demək olar ki, tam hazırdır. Adanı elektrik enerjisi ilə təmin edən kabel xətti isə okeanın altı ilə çəkilib ki, bu da dünyada yenilik sayılır”.

Daha sonra 2009-cu ildən bu günə qədər adada görülən işləri əks etdirən video çarx nümayiş olunub.

A.Ağalarov Russkiy adasının memarlıq işlərinə dair qərarları birbaşa özünün verdiyini bildirib. O, adanın sahil xəttinin Bakının sahil xəttinə bənzədildiyini də söyləyib: ”Bakının görüntüsü daim adamın şüuraltında qalır. Bəlkə də bunun təsiri olub ki, adanın sahil xətti indi Bakının sahil xəttinə bənzəyir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar