AMEA Tarif Şurasına müraciət edib
23 İyul 2011 Şənbə 17:02
Buna səbəb doktoranturada ödənişli təhsilin qiymətlərinin müəyyənləşdirilməsidir.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) doktoranturada ödənişli təhsilin qiymətlərinin müəyyənləşdirilməsi ilə bağlı Tarif Şurasına müraciət edib. Bu barədə APA-ya AMEA-nın I vitse-prezidenti Arif Həşimov bildirib. Onun sözlərinə görə, artıq təkliflər Azərbaycan Nazirlər Kabinetinə də göndərilib.
Bu il doktoranturada Azərbaycan vətəndaşları üçün ödənişli təhsil olmayacaq, təhsil ödənişsiz və dövlət hesabına olacaq. Tarif Şurası təsdiq edərsə, doktoranturada ödənişli təhsilin tətbiqinə gələn ildən başlana bilər. A. Həşimov deyib ki, vətəndaşlığı olmayan və xarici vətəndaşlar üçün doktoranturada təhsil pulludur: “Bu məbləği elmi müəssisələr özləri müəyyənləşdirirlər. AMEA üçün bu məbləğ 2500 manat nəzərdə tutulub. Qaydalarda nəzərdə tutulub ki, bu məbləğlə bağlı güzəşt edilə də bilər. Bununla, Gürcüstandan və Rusiyadan doktoranturaya sənəd vermək istəyən azərbaycanlılara şərait yaratmaq istəyirik”.
AMEA-nın I vitse-prezidenti xatırladıb ki, doktoranturaya sənəd qəbulu ilə bağlı elan gələn ay veriləcək. Sentyabrın 1-dən 30-dək sənədlər qəbul ediləcək. Oktyabr ayında isə doktoranturaya qəbul imtahanları keçiriləcək. A. Həşimov doktoranturaya qəbul üçün yaş senzinin nəzərdə tutulmadığını da deyib. anspress
DOSTLARINLA PAYLAŞ: