AMEA bəzi şöbələr ləğv edilib
29 May 2013 Çərşənbə 17:20
Bu barədə AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar verilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti mərkəzi aparatında bəzi şöbələr ləğv edilib.

APA-nın xəbərinə görə, bu barədə AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar verilib.

Qərara əsasən, AMEA Rəyasət Heyəti mərkəzi aparatının elmi-təşkilat şöbəsi, Elmi informasiya şöbəsi, xarici əlaqələr şöbəsi, katiblik, doktorantura və kadrlar şöbəsi ləğv edilib.

Qeyd edək ki, iclasın qərarına əsasən, Rəyasət Heyətinin mərkəzi aparatında Elmi-təşkilat və Analitika İdarəsi (tərkibində Elmi təşkilat şöbəsi və Analitika şöbəsi), Beynəlxalq Əlaqələr İdarəsi (tərkibində xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsi və Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsi), Təhsil və kadrlar, Hüquqi təminat, İnnovasiya, İctimaiyyətlə əlaqələr və Ümumi şöbələr yaradılıb.

Rəyasət Heyətinin akademik-katibi Rasim Əliquliyev deyib ki, son 20 ildə RH-nin mərkəzi aparatında heç bir dəyişiklik olmayıb: “Zaman dəyişib, Azərbaycan dövlətinin və elminin prioritetləri də dəyişib. Yeni dəyişikliklər elmin idarə olunmasının təkmilləşdirilməsi məqsədilə edilib”.

AMEA RH mərkəzi aparatının yeni strukturuna uyğun olaraq struktur bölmələrin əsasnamələri 10 gün müddətində, yeni struktur üzrə kadrların səmərəli yerləşdirilməsinə dair təkliflər 15 gün müddətində AMEA RH-nə təqdim edilməlidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar