Ali məktəblərin bəzi ixtisaslarına qəbul imtahansız ola bilər
07 Fevral 2013 Cümə Axşamı 12:54
Vahid imtahan modelinin tətbiqi üçün isə məzunların fənlər üzrə bilik səviyyəsinin heç olmasa 50-75 faiz arasında olması lazımdır
Azərbaycanda vahid imtahan modeli yalnız məzunların fənlər üzrə bilik səviyyəsi 50-75 faizə yüksəldikdən sonra, ilk növbədə, müəyyən üzrə ixtisaslar həyata keçirilə bilər. Bunu Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, hazırda məzunların bütün fənlər üzrə bilik səviyyəsi 25 faizdən 50 faizə qədərdir. Hətta məzunlar arasında 25 faizdən də aşağı nəticə göstərənlər ola bilər. Vahid imtahan modelinin tətbiqi üçün isə məzunların fənlər üzrə bilik səviyyəsinin heç olmasa 50-75 faiz arasında olması lazımdır.
"Mən hesab edirəm ki, bu model bəlkə də müəyyən ixtisaslar üzrə bir az tez həyata keçiriləcək. Bunu buraxılış imtahanına bir necə fənni əlavə etməklə həyata keçirmək olar. Məzunlara seçim üçün fənlər veriləcək. Kimsə bir fənni, kimsə digər fənni seçə biləcək", - Abbaszadə deyib.

O qeyd edib ki, bu imtahan, ilk növbədə, Azərbaycanda tələbat olan ixtisaslar üzrə keçirilə bilər.Komissiya sədrinin sözlərinə görə, hazırda Azərbaycanda müəyyən, məsələn, kənd təsərrüfatı ixtisaslarına tələbat olsa da, bu ixtisaslar üzrə müsabiqə vəziyyəti aşağı olur. Əgər abituriyent tələbat duyulan həmin ixtisaslar üzrə ali təhsil almaq istəyərsə və orta məktəbdə müvafiq fənlərdən normal qiymət alarsa, onda attestat qiymətlərinin nəticələri əsasında buraxılış imtahanından sonra müsabiqədə iştirak edəcək. Onda məzunlar ali məktəblərə imtahansız qəbul oluna bilərlər.
Abbaszadə deyib ki, müəyyən ixtisaslar üzrə də yeni qəbul modeli yalnız məzunların fənlər üzrə bilik səviyyəsi 50-75 faizə çatdıqdan sonra tətbiq edilə bilər.
O qeyd edib ki, lakin bəzi ixtisaslar üzrə çox yüksək müsabiqə vəziyyəti yaranır və həmin fənlər üzrə mütləq imtahanlar keçiriləcək.

"Ancaq ola bilsin ki, o imtahanların da forması dəyişsin, onlar kütləvi imtahanlar olmasın. Attestat qiymətlərinə görə müəyyən səviyyədə olan uşaqların seçimini aparmaq üçün onlar bir fəndən müsabiqə imtahanları versinlər, yaxud qabiliyyət müəyyən edən imtahanlar, psixoloji testlərlə əlaqədar olan imtahanlar versinlər. Belə növ imtahanlar təbii ki, mərhələ-mərhələ dəyişəcək. Biz mərhələ-mərhələ məktəbin nəticələrini qiymətləndirməyi tam həyata keçirəndən sonra bu müsabiqə imtahanlarının şərtlərini dəyişəcəyik", - TQDK sədri deyib.
Ancaq TQDK sədri hazırda buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsini mümkünsüz sayıb. Onun sözlərinə görə, hazırda buraxılış imtahanlarının nəticələri TQDK-nı qane etməyən səviyyədədir. Ona görə də hazırda orta məktəblərin buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsindən söhbət gedə bilməz. Vahid imtahan modelinin mümkünsüzlüyü barədə elmi əsaslar da tələbə qəbulunun elmi statistik nəticələrində öz əksini tapıb.

Abbaszadə deyib ki, xüsusi biliyə malik olan, bu sahənin mütəxəssisləri və riyaziyyatçılar bu tədqiqatların nəticələrini dərk edə bilərlər. Onun sözlərinə görə, vahid imtahan modelinin tətbiqini təklif edənlərə, ilk növbədə, həmin tədqiqatların nəticələri ilə tanış olmağı məsləhət görür.

"Ondan sonra bizimlə müzakirəyə gəlsinlər. Elə-belə təklif etmək olmaz, çünki imtahanın elmi hissəsi var. İmtahanda hansısa dəyişikliklər etmək üçün imtahandan əvvəl çox ciddi araşdırmalar aparırıq", - Abbaszadə deyib.

O qeyd edib ki, əgər qəbul imtahanı testləri buraxılış imtahanında iştirak edən məzunlara verilsə, onda məzunların çoxu müvəffəq qiyməti ala bilməz və qiymətləndirmənin keyfiyyəti aşağı olar. Əksinə, buraxılış imtahanı testlərindən ali məktəblərə qəbul imtahanlarında istifadə edilsə, onda orta və yüksək qabiliyyət səviyyəsinə malik abituriyentlərin fərqləndirilməsinin keyfiyyətli aparlmasına mənfi təsir göstərər. Bu da sonda gənclərin təhsilə həvəslərinin azalmasına, ümumiyyətlə, təhsilin keyfiyyətinin aşağı düşməsinə səbəb olar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar