Ali məktəblərə qəbul imtahanları başlayır.
02 İyul 2010 Cümə 11:25
Azərbaycanda Ali məktəblərə qəbul imtahanları başlayır. TQDK sədri abituriyentlərə xəbərdarlıq edib.
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulun üzrə Dövlət Komissiyası iyulun 4-də 2010-2011-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, imtahan Bakı, Naxçıvan və Sumqayıt şəhərlərində aparılacaq. İmtahanın keçirilməsi üçün Bakı şəhərində 48, Sumqayıt şəhərində 6, Naxçıvan şəhərində 3 bina ayrılıb. Bakı, Sumqayıt və Naxçıvan şəhərlərinin orta ümumtəhsil məktəblərindən 2289 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 235 imtahan rəhbəri cəlb olunacaq.
M. Abbaszadə bildirib ki, 2010-cu ildə III qrup üzrə 33316 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 30187 nəfəri Azərbaycan, 3129 nəfəri rus bölməsinin məzunudur. Abituriyentlərin 9227 nəfərini oğlan, 24089 nəfəri qızdır. Abituriyentlərin 16876 nəfəri orta ümumtəhsil məktəblərinin builki, 15732 nəfəri isə əvvəlki illərin məzunudur.
Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 162 abituriyent xarici ölkələrin vətəndaşıdır. 231 abituriyent ali təhsillidir və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.
Ən yaşlı abituriyent 1939-cu ildən, ən gənc isə 1995-ci ildəndir. Bakı şəhərində 27807 abituriyent, Naxçıvanda 1893 abituriyent, Sumqayıtda isə 3616 abituriyent imtahan verəcək.
Abituriyentlərə xəbərdarlıq da edən M. Abbaszadə deyib ki, imtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər imtahan binasına buraxılmayacaqlar: “Abituriyentlər imtahan gələndə qaydaları bilib gəlsinlər. Şəxsiyyət vəsiqələrini, “İmtahana buraxılış vərəqəsini” unudanları imtahana buraxmayacağıq”.
TQDK sədri əlavə edib ki, imtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən III ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək: “İmtahanın nəticələri araşdırılanda xüsusi proqramlar vasitəsilə köçürmələr də araşdırılır. Köçürən şəxslərin imtahan nəticələri ləğv ediləcək. Təəssüf ki, əvvəlki illərin məzunları nizam-intizama əməl etmirlər, bu ilin məzunlarından köçürmələrə cəhd edirlər. Bunu da yerləşdirmədə nəzərə almışıq”. APA
DOSTLARINLA PAYLAŞ: